Respublika Gözdən Əlillər Kitabxanası 1981-ci il iyunun 1-də Azərbaycan Korlar Cəmiyyətinin təşəbbüsü ilə həmin Cəmiyyətin tabeliyində «Mərkəzi Respublika Korlar Kitabxanası» kimi fəaliyyətə başlamışdır. Kitabxanın vəzifəsi I və II qrup gözdən əlillərə kitabxana – informasiya xidməti göstərməkdir.Oxucuların tam fiziki imkansız olanlarına səyyar kitabxana xidməti göstərilir. Kitabxananın fondunu Brayl kitabları (xüsusi şriftlə yazılmış kitablar), audiokassetlər, CD-lər və dövri mətbuat təşkil edir. Fondunu 7712 nüsxə ədəbiyyat təşkil edən kitabxananın 1061 nəfər oxucusu vardır. Oxucuların böyük əksəriyyətinin kassetləri oxutdurmaq üçün xüsusi və yaxud adi maqnitofonu vardır. Yarandığı gündən 1992-ci ilədək kitabxananın fondunu elə cəmiyyətin tabeliyində fəaliyyət göstərən səsyazma studiyasında lentə alınmış rulonlar, Ümumrusiya Korlar cəmiyyətinin «Loqos» səsyazma studiyasından və Ukrayna Korlar Jəmiyyətinin səsyazma studiyasından alınmış rulonlar və Brayl kitabları təşkil edirdi. SSRİ dağıldıqdan sonra siyasi iqtisadi vəziyyətlə əlaqədar fonda heç bir kitab daxil olmamışdır. Belə bir şəraitdə, yəni 1994-cü il yanvarın 1-dən etibarən kitabxana Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə keçmiş və «Respublika Korlar kitabxanası» adlanmışdır. 1999-cu ildən başlayaraq Rusiya ilə əlaqələr bərpa olunmuş, yeni kitablar əldə edilmişdir. 2002-ci ildən isə Azərbaycan Gözdən Əlillər Cəmiyyətində yaradılmış studiyada milli dildə kitab yazılışına, 2006-cı ildən isə yeni yaradılmış tipoqrafiyada Brayl şrifti ilə azərbaycan dilində kitabların çapına başlanmışdır. 2004-cü ilin sonunda kitabxananın əsaslı təmiri başlanmış, 2005-ci ildə isə təmirdən sonra təntənəli açılışı olmuşdur. Təmir zamanı kitabxana yeni texniki avadanlıqlarla təchiz olunmuş, həmçinin müasir səsyazma studiyası yaradılmışdır. 20 nəfər işçisi olan kitabxana Bakı şəhəri, 2-ci Sülh döngəsi, ev 2 ünvanında 262 m2 sahəni təşkil edən zirzəmidə yerləşir. Kitabxana 6 günlük iş rejimi ilə 9:00-dan 17:00-dək işləyir. İstirahət günü bazar günüdür. 2006-cı ilin mart ayından kitabxananın adı dəyişdirilib «Gözdən Əlillər üçün Respublika kitabxanası» adlandırılmışdır.
Gözdən əlillərə kitabxana-informasiya xidmətini daha da yaxşılaşdırmaq məqsədi ilə o zamankı Azərbaycan Korlar Cəmiyyətinin Bakı şəhərindəki obyektlərində yerləşən kitabxana və fonotekaların mərkəzləşdirilməsi zərurəti yarandı.Bu cür kitabxanalar keçmiş müttəfiq respublikalarında da var idi. Buna görə də Azərbaycan Respublikası Korlar Cəmiyyəti Mərkəzi İdarəsi Rəyasət Heyətinin 23 may 1980-ci il tarixli il, 11 nömrəli qərarına əsasən Respublika Mərkəzi kitabxanasının yaradılması sərəncamı verildi. 01 iyun 1981-ci ildə kiabxana fəaliyyətə başladı. Lakin sonralar Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin büdcəsində maliyyə çətinliyi yarandığı üçün kitabxanada çalışan işçilərə əmək haqqı verilməsi və yeni “danışan kitablar”ın alınması mümkün olmadı.Buna görədə AzKC Respublika Mərkəzi kitabxanası 01 yanvar 1994-cü il tarixdən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verildi.
Bütün yaş kateqoriyalarını əhatə edən kitabxanada kitabxanaçıların əsas vəzifəsi oxuculara fərdi yanaşma tərzidir. Burada oxucunun görmə səviyyəsi, obyektə adaptasiya dərəcəsi, digər xüsusi amillər nəzərə alınır. Tənha yaşayan, sərbəst hərəkət edə bilməyən oxuculara evdə səyyar kitabxana xidməti göstərilir. Həmçinin, oxucuların sonradan qazanılan əlilliyi olduğu halda onlara kiril və latın qrafikalı Brayl əlifbası öyrədilir, “Caus” ekran oxuma proqramı ilə təchiz olunmuş kompüterlərdən istifadə vərdişləri aşılanır. Kitabxananın min iki yüz oxucusu vardır. Son 5 il ərzində kitabxananın 25 oxucusu ali və orta ixtisas məktəblərinə qəbul olunmuşdur.
Kitabxana fondunun xüsusi nəşirlərlə komplektləşdirilməsi işində nəzərə çarpacaq irəliləyiş edilərək fondun ümumi həcmi iyirmi iki min nüsxəyə çatdırılmışdır. Kitabxanaya Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə nəşr olunmuş 4 min 976 kitab hədiyyə edilmişdir.
İstifadə olunub istismar müddətini bitirmiş disklər kitabxananın səs yazma studiyasında orjinal nüsxədən yeni nüsxələrə köçürülərək yenidən istifadə üçün fonda daxil edilir. Respublika Gözdən Əlillər Kitabxanası müasir avadanlıqlarla təchiz edilmişdir. Bunun sayəsində “danışan kitablar”ın artırılmış nüsxələri regionlarda fəaliyyət göstərən mərkəzi kitabxana sistemlərinə və ya Gözdən Əlillər Cəmiyyətinin yerli şöbələrinə təmənnasız hədiyyə edilir.
Kitabxana öz işini Respublika Gözdən Əlillər Cəmiyyəti ilə sıx əlaqədə qurur. Mütəmadi keçirilən tədbirlərdə əlil oxucularla sorğu keçirilir, sifariş veriləcək ədəbiyyatın seçimində hər bir oxucunun istəyi nəzərə alınır.
Kitabxana 01 iyun 1981-ci ildən bu günə kimi Bakı şəhəri, 2-ci Sülh döngəsi, ev 2 ünvanında dördmərtəbəli binanın zirzəmisində 262 kv.m sahədə yerləşmişdir.