OXUCULAR ÜÇÜN TƏLİMAT

Kitabxananın oxucuları (istifadəçiləri)Azərbaycan Respublikasının və xarici ölkə vətəndaşlarının Kitabxanadan istifadə hüququ vardır.

Oxucuların hüquqları

Oxucular kitabxana daxilində mövcud ədəbiyyata dair təklif olunan bütün  xidmətlərdən  istifadə hüququna malikdirlər. Bunlara biblioqrafik təsvir kataloqu, kitab və kitabxana fonduna məxsus digər vəsaitlər, məlumat xidməti, surətçıxarma daxildir.

Oxucuların kitabxanadan istifadə qaydaları

3.1. Oxucu kartı kitabxanadan istifadə hüququ verən yeganə sənəddir. Oxucu kartı şəxsiyyət vəsiqəsini təqdim edən şəxslərə aylıq və ya illik olaraq  verilir.

3.2. Oxucu şəxsiyyət vəsiqəsini şəxsən özü təqdim etdiyi halda oxucu kartı istifadə üçün etibarlı hesab edilir.

3.3 Oxucu kartını  digər şəxslərə verən və ya digər şəxslərin oxucu kartlarından istifadə  edən şəxslər kitabxanadan istifadə hüququndan 1 (bir) ay müddətinə məhrum edilir.

3.4. Oxucu kartı itirildikdə kart sahibi dərhal kitabxananın qeydiyyat bölməsinə müraciət etməli və  ödənişli əsaslarla yeni oxucu kartı əldə etməlidir.

3.5. Oxucu qeydiyyat sahəsinə daxil olduqda, oxucu kartını təqdim edərək sifariş vərəqini əldə etməlidir.

3.6. Sifariş vərəqində istədiyi kitabın (sənədin, kitabxana fonduna məxsus digər vəsaitlərin) şifrəsini, müəllifini, adını, nəşr ilini, varsa cildini (qəzet və jurnallar üçün il, ay və nömrəni) qeyd edərək sifariş verir.  Sifariş vərəqində mütləq qaydada oxucunun soyadı, adı, oxucu kartının nömrəsi və sifarişin verildiyi tarix və saat əks olunur. Oxu zallarına şəxsi və ya digər kitabxanalara məxsus kitablar, jurnallar, qəzetlər, məqalələrlə daxil olan oxucu bu haqda sifariş vərəqində mütləq müvafiq qeydiyyat aparmalıdır.

Oxu zallarından istifadə qaydaları

4.1. Oxu zalına verilən kitab və ya kitabxana fonduna məxsus digər vəsaitlərin sayı məhdudlaşdırılır. Beləki, 10 (on) ədəd elmlər doktoru, 7 (yeddi) ədəd  elmlər namizədi, 5 (beş) ədəd elmi işçilər, 4 ədəd isə hər kəs üçün nəzərdə tutulmuşdur. Oxu zalında çox sayda oxucu olduqda və eyni vəsaitə və ya vəsaitlərə tələbat artdıqda veriləcək ədəbiyyatın sayı müvafiq şöbənin rəhbərliyi tərəfindən təyin oluna bilər.

4.2. Oxucunun istəyi ilə kitab və ya kitabxana fonduna məxsus digər vəsaitlər 10 (on) iş günü müddətinə rezervasiya oluna bilər və  sənədlər bu məqsədlə ayrılmış sahədə saxlanılmalıdır.  

4.3. Oxu zallarına şəxsi və ya digər kitabxanalara məxsus kitablar və jurnallarla   daxil olmaq arzuolunmazdır, müstəsna hallarda oxucu bu haqda sifariş vərəqində müvafiq qeydiyyat aparmalıdır.

4.4. Kitabxanaya məxsus vəsaitlərin oxucu tərəfindən oxu zalından kənara çıxarılması qəti qadağandır. Kitabxanaya məxsus vəsaitləri oxu zalından kənara çıxaran oxucu “Cərimə cədvəli”nə əsasən müvafiq ödəniş aparmalıdır. Bu qaydanı ardıcıl olaraq 2 dəfə pozmuş oxucu 3 ay müddətinə kitabxana xidmətlərindən istifadə hüququndan məhrum edilir. 

4.5. Oxu zalından çıxarkən oxucu istifadə etdiyi vəsaitləri kitabxanaçıya təhvil verib, oxucu kartını geri almalıdır.

4.6. Oxu zallarına mobil telefonların gətirilməsi arzuolunmazdır. Cihaz oxu zalına keçirildiyi halda səssiz rejimdə istifadə olunmalıdır.

Oxucunun vəzifələri

5.1. Oxucu götürdüyü kitab və ya kitabxana fonduna məxsus digər vəsaitlərə qayğı və ehtiyatla yanaşmalıdır. Kitab və ya kitabxana fonduna məxsus digər vəsaitlərdən istifadə zamanı qadağan olunur:

–  kitab və digər vəsaitlər üzərində qeydlər aparmaq;

–  kitabın səhifələrini qatlamaq;

–  kitabı və sənədləri axıradək açmaq məqsədilə cildini əzmək;

–  kitabın səhifələrini cırmaq;

–  kitab və digər vəsaitlərin üzərinə dirsəklənmək;

–  kitabın üzərinə kağız qoyaraq yazı yazmaq;

–  kitabı 180o artıq açmaq;

–  sənədləri açıq günəş şüası altına çıxarmaq;

–  sənəd və kitabxana fonduna məxsus resursları istifadədən sonra geri qaytarmamaq;

–  sənədləri qalaq şəklində yığmaq;

–  tikilməmiş sənədləri bir – birinə pərçimləmək;

–  kitabxanada yaddaş kartları və digər elektron məlumat daşıyıcılarından istifadə etmək;

–  oxu zalına qida məhsulları və içkilər gətirmək;

–  kitabxana binasında  siqaret çəkmək;

–  oxu zalına üst geyimdə daxil olmaq;

–  yardımçı fondlarda kitabların yerini dəyişmək;

–  kartoteka və kataloqlardan kartları cırmaq və çıxarmaq.

– Fotosənədlər həddən artıq kövrək material olduğundan onlarla iş zamanı oxucular aşağıdakı qaydalara riayət etməlidir;

–  fotolarla kitabxana tərəfindən təmin edilən təmiz, lif buraxmayan pambıq parçadan hazırlanmış əlcəklərlə işləməli;

–  fototəsvirin emulsiyalı sahəsinə, neqativə, şəffaf əsaslı sənədə, diapozitivə və s. toxunmaq qəti qadağandır;

–  fotolar 2 (iki) əllə tutulmalı və ya qalın karton kağız üzərinə qoyularaq  baxılmalıdır;

–  yapışqanlı lentlər, sancaqlar, sıxaclar, düyməciklər və ya dəftərxana rezinindən istifadə qadağandır.

–  diski zərfdən bir əllə tutaraq (daxili örtüklə birgə) çıxarın, o biri əllə isə yüngülcə zərfi bağlayın. Diski örtüyün bir ucundan tutaraq daxili örtükdən çıxarın. Diskə fiziki təzyiq etmək olmaz, belə ki, disklə örtük arasına düşən toz iz qoya bilər;

–  diski daxili örtükdən çıxararkən, onun kənarını əyin və imkan yaradın ki, disk açıq ovuc içinə sərbəst sürüşə bilsin. Belə ki, aşağı hissə əyilmiş böyük barmağa tuş gəlsin, orta barmaq isə yarlıqla birlikdə diski tutsun. Diski heç vaxt əllə çəkərək çıxarmayın;

–  diski tutan zaman onun kənarı böyük barmağa, diskin mərkəzindəki yarlıq isə həmin əlin başqa barmaqlarına dayaqlansın. Diski patefon üzərinə qoyarkən iki əllə tutun.

5.4. Kitab və ya kitabxana fonduna məxsus digər vəsaitləri aldıqda oxucu mütləq kitabın və ya digər resursun tamlığını yoxlamalı və hər hansı bir çatışmazlıq aşkar etdikdə, bu haqda növbətçi kitabxanaçıya məlumat verməlidir. Əks halda aşkar edilmiş çatışmazlıq son istifadəçinin məsuliyyəti kimi qəbul ediləcək, müəyyən olunmuş  cərimə sonuncu oxucu tərəfindən ödəniləcək.     

5.5. Oxucu kitabxanada sakitliyə, təmizliyə və qəbul olunmuş qaydalara riayət etməlidir. Kitabxananın oxu zallarında müzakirə aparmaq, yüksək səslə və telefonla danışmaq, çay içmək, nahar etmək, oxu masasının üstünü zibilləmək, yerə zibil tökmək, oxu zallarının istirahət otağında oturucaqlarda uzanmaq, səsli audio – video material dinləmək, etik normalardan kənara çıxan davranış tətbiq etmək, dəhlizlərdə, gözləmə oturacaqlarında və oxu zallarında qrup şəklində səsli müzakirələr aparmaq qəti qadağandır.

5.6. Mühafizə xidməti tələb etdikdə, oxucular qarderoba təhvil verilməmiş çantanı yoxlanılmaq üçün mühafizəyə təqdim etməlidir. 

Xidmətin keyfiyyətini artırmaq və təhlükəsizliyi təmin etmək məqsədi ilə zallarda və dəhlizlərdə müşahidə kameraları işləyir.

6. Oxucuların məsuliyyəti

6.1. Kitabxanaya və ya kitabxana fondlarına bilərəkdən və ya təsadüf nəticəsində ziyan (zərər) yetirmiş şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə əsasən maddi və cinayət  məsuliyyəti daşıyır.

6.2. Kitab və ya kitabxana fonduna məxsus digər vəsaitə oxucu tərəfindən ziyan vurularsa (vərəqləri cırılarsa, ləkələnərsə, əzilərsə və s.) və ya itirilərsə oxucu mümkün qədər eynisi ilə, mümkün olmadığı hallarda, kitabxananın ekspert komissiyası tərəfindən müəyyən edilmiş eyni dəyərli vəsaitlə əvəz etməlidir. Vəsaiti əvəz etmək mümkün olmadığı hallarda isə, oxucu vəsaitin dəyərinin 10 (on) misli miqdarında cərimə ödəməlidir.

6.3. Kitabxanadan istifadə qaydalarını ardıcıl olaraq 2 (iki) dəfə  pozan və təlimata riayət etməyən şəxslər kitabxana xidmətlərindən istifadə hüququndan  6 (altı) ay müddətinə məhrum edilirlər.

6.4. Kitabxana binasına və ya  Kitabxana fondlarına maddi ziyan vurduğu təsdiqlənmiş və bu ziyanın ödənilməsindən boyun qaçıran şəxslərin Azərbaycan Respublikasının mülki, cinayət və inzibati qanunvericiliyinə əsasən məsuliyyətə cəlb olunması üçün kitabxana aşağıdakı addımları atır:

– kitabxanaya vurulmuş ziyanın ekspert komissiyası tərəfindən dəyəri müəyyənləşdirilərək aktlaşdırılır;

– oxucu tərəfindən 5 (beş) iş günü müddətində əməli tədbir görülmədikdə, ona ilk yazılı xəbərdarlıq edilir;

– növbəti 5 (beş) iş günü müddətində də əməli tədbir görülmədikdə, oxucuya ikinci yazılı xəbərdarlıq edir, həmçinin xəbərdarlığın surətini oxucunun çalışdığı və ya oxuduğu müəssisənin rəhbərinə göndərilir;

– ikinci xəbərdarlıq nəticəsində əməli tədbirlər görülmədikdə, kitabxana qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün hüquq xidmətinə müraciət edilir.

Kitabxananın oxuculara xidmət üzrə öhdəlikləri

7.2. Oxucuya kitabxanada mövcud olan bütün fondlardan istifadə üçün şərait yaratmalı.

7.3. Oxucu sifarişini mümkün qədər dərindən öyrənərək, mövcud resurslar çərçivəsində tam və qısa müddətdə təmin etməli.

7.4. Oxucuların kitabxanadan istifadə imkanlarını genişləndirmək və rahatlaşdırmaq məqsədilə biblioqrafik – məlumat xidmətindən istifadə qaydalarını oxucuya izah etməli.

7.5. Oxuculara yüksək mədəni səviyyədə xidmət etməli, istək və sifarişini dolğun şəkildə ödəməli, maraq dairəsinə uyğun məlumatla təmin etmək məqsədilə kitabxana daxili resurslar, biblioqrafik təsvir kataloqları, sorğunun mövzusuna uyğun məlumat materialları, kitab sərgiləri, tematik görüşlər haqqında oxuculara məlumat verməli.

7.6. Qiymətli sənədlər və şəkillərlə işləmək üçün oxucuları yumşaq əlcəklərlə təmin etməli və müvafiq təlimatlandırma aparmalı.

7.7. Xəritələrlə və foto sənədlərlə işləmək üçün poliefir örtüklü vərəqələrlə təmin etməli.

7.8. Elektron formatda olan resurslardan istifadə məqsədi ilə kitabxananın elektron yaddaş kartları ilə təmin etməli (ödənişli əsaslarla).

7.9. Kitabxana fondlarının uçotunu, mühafizəsini və rasional istifadəsini təmin etməli, materialların tamlığını yoxlamalı, oxu zalından geri qaytarılmış kitablar və ya kitabxana fonduna məxsus digər vəsaitləri daxili qaydalara uyğun yerlərinə düzülməsini təmin etməli.

7.10. Oxucuya verilmiş sənədlərin xidmət müddəti bitdikdə geri qaytarılmasını təmin etməli;

7.11. Kitabxana saytında qeyd olunan beynəlxalq elektron mənbələrə elektron çıxışı təmin etməli.