Əziz oxucular! Kitab oxumaq deyəndə gözdən əlillər çox çətinlik qarşısında dururdular. Orta məktəbdə, ali təhsil müəssisələrində, yaxud bədii əsərlərin oxunmasında böyük problemlərlə üzləşirdilər. Dərslikləri dəftərə köçürtmək və yaxud başqasından xahiş edərək oxutdurmaq məcburiyyətində qalırdılar. Bütün bu çətinlikləri nəzərə alaraq 1981-ci il 01 iyun tarixində Azərbaycan Korlar Cəmiyyətinin nəzdində Mərkəzi Korlar Kitabxanası yaradıldı. Bu kitabxananın yaradılmasında səylə çalışan Səyyarə Əliyeva kitabxananın direktoru seçildi. Tipoqrafiyada Brayl əlifbası ilə kitablar, jurnallar və s. çap olunaraq, kitabxananın istifadəsinə verildi. Bununla yanaşı, səsyazma studiyasında yerli və xarici ədiblərin əsərləri, müxtəlif mövzularda olan kitablar teleradio şirkətinin aparıcı diktorlarının ifasında oxunmaqla lentə köçürülərək, oxucu kütləsinin istifadəsinə verilmişdir. O dövrdə Korlar Cəmiyyətinin sədri Arif Zeynalov kitabxanaya lazımi köməklik göstərirdi. Sovetlər birliyi dağıldıqdan sonra bütün sahələrdə oldugu kimi Korlar Kitabxanası da maliyyə böhranı ilə üzləşdi. Bu, istər yeni kitabların lentə alınmasında, istərsə də işçilərin maaşının verilməsində özünü biruzə verirdi. Bir müddət davam edən bu böhran vəziyyəti əlil oxucuların kitaba olan marağını azaltmadı. Müstəqillik dövründə ümummilli liderimiz cənab Heydər Əliyevin elmə, mədəniyyətə olan diqqət və qayğısı kitabxanadan da yan ötmədi. O zaman Mədəniyyət Naziri olan hazırda ölkəmizin Moskvadakı səfiri cənab Polad Bülbüloğlu kitabxanada olmuş, buradakı bərbad vəziyyəti və Müstəqillik dövründə yazılmış ədəbiyyatın kitabxanada olmaması cənab naziri təcili addımlar atmağa məcbur etdi. Şəhla xanım Vəliyeva kitabxanaya direktor təyin edildi. Kitabxana əsaslı təmir olunaraq kompyuter texnologiyası və audio vizual avadanlıqlar və digər lazımi vəsaitlərlə təmin olunaraq 2005-ci ildə cənab Polad Bülbüloğlunun və digər rəsmi şəxslərin iştirakı ilə açılış edərək oxucuların istifadəsinə verildi. O zamana qədər Gözdən əlillər Cəmiyyətinin yazdığı layihələrin “OXFAM” və “Exon” qeyri-hökümət təşkilatlarının maliyyə dəstəyi ilə az miqdarda kitablar yazılsa da kitabların azlığı oxucuların tələbatlarını ödəmirdi. Kitabların müxtəlif zövqlərə cavab verməsi və nüsxəsinin çoxalmasını nəzərə alaraq, Mədəniyyət Nazirliyi kitabların istər Brayl əlifbası ilə, istərsə də kompakt kasset, disk şəklində lentə alınması kimi maliyyə ayrılmasını öz öhdəsinə götürdü. Əsərlər Gözdən əlillər Cəmiyyətinin Səsyazma studiyasında lentə alınır.
Hazırda Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev cənabları öz qayğı və diqqətini kitabxanadan əsirgəmir. Gözdən əlil oxucular kitabxananın xidmətindən geniş istifadə edirlər. Oxucu kontingenti müxtəlif yaş qruplarını əhatə edir. Məktəb şagirdləri və abituriyentləri üçün dərs vəsaitləri də lentə alınıb və hazırlıq prosesinə köməklik edir. Kiçik yaşlı oxucular üçün nağıl kitabları, əfsanələr, lətifələr və s. əsərlər də lentə alınır. Uşaqlar maraqla, həvəslə kitabxananın xidmətlərindən istifadə edirlər. Kitabxana həm də rus dillli oxuculara da xidmət edir. Rus dilində lentə alınan əsərlər Moskva şəhərindəki “Premyera” nəşriyyatından müqavilə əsasında alınaraq oxucuların istifadəsinə verilib. Müxtəlif mövzularda olan bu kitablar nəfis tərtibatı və, keyfiyyətli səslənməsi ilə diqqəti cəlb edir. Kitabxananın fondu 5000 nüsxə kitabdan, oxucuları isə 1200 nəfərdən ibarətdir. Bu rəqəmlər vaxtaşırı yenilənir. Kollektivimizin üzvləri kitabxanaya gəlməkdə çətinlik çəkən və digər fiziki qüsuru olan oxuculara kitabları səyyar formada mənzillərinə çatdırırlar.
Kitabxanada uzun illər səylə çalışan qocaman işçilər də fəaliyyət göstərir. Belə əmkdaşlardan biri də Səyyarə Əliyevadır. O 13 may 2009-cu ildə Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin göstərişi ilə kitabxana informasiya sahəsində səmərəli fəaliyyəti və anadan olmasının 70 illiyi ilə əlaqədar “Fəxri fərman”la təltif olunmuşdur.
Bu fərman bizi kitabxana işçiləri olaraq öz işimizdə daha da əzmlə çalışmağa sövq edir. “Danışan Kitabxana”nın xidmətlərindən hətta sağlam insanlar da işlə məşğul olarkən bu kitablara qulaq asa bilərlər. Həmçinin kitabxanada gündəlik dövri mətbuat, müxtəlif qəzet və jurnallar oxucuların istifadəsindədir. Kitabxanada bundan əlavə, azərbaycan və rus dillərində yeni nəşr olunan müxtəlif mövzulu kitablar istifadə olunur. Hər kəsi ktabxanamızdan istifadə etməyə çağırırıq.