Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması
Ölkəmizdə rəsmi qeydiyyatda olan 520 mindən (2013-cü ilin əvvəli) çox əlilin 7-8 faizini gözdən əlillər təşkil edir. Göz aparatında baş verən xəstəlik və müxtəlif fiziki zədələrlə əlaqədar əlil olan 35 mindən çox insanın vəziyyəti onlara xüsusi qayğının göstərilməsini tələb edir. Bu insanların gündəlik yaşayışı, təhsili, əmək fəaliyyəti məlum səbəblərlə əlaqədar digər əlillərə nisbətən daha ağır olur. Xüsusən birinci qrup və əksər ikinci qrup gözdən əlillərin cəmiyyətə inteqrasiyası dövlətin xususi müasibətindən, qayğısından çox asılıdır.
I qrup gözdən əlillər o insanlar sayılır ki, onlarda görmə qabiliyyəti olduqca zəifdir. Onlar ən yaxşı halda bir metrə qədər məsafədə olan obyekti görə bilər. Belə insanların yalnız yaşaması mümkün deyil və onların hökmən kənar şəxslərin köməyinə ehtiyacı var.
II qrup gözdən əlillərin görmə qabiliyyəti birinci qrup əlillərlə müqayisədə 2-3 dəfə yaxşı olur. Eynəyin köməkliyi ilə bir metrdən bir qədər uzaqda olan obyekti ayırd edə bilirlər. Lakin bununla belə onlar tam əmək qabiliyyətsiz sayılır.
III qrup əlillik üçünsə ən azından gözdən birinin normal görmə qabiliyyətini itirməsi tələb edilir. Bu insanların əməklə məşğul olmasına icazə verilir, ancaq görmənin aktiv iştirak etdiyi işdə çalışa bilməzlər.
Digər əlillik qruplarında da I qrup tamamilə, II qrup əlillərin isə əksəriyyəti əmək qabiliyyətsiz sayılır. Amma göz apartında yaranan əlillik istisna olmaqla digər xəstəliklərlə əlaqədar əlil olan insanların əksəriyyəti cəmiyyətə daha asan inteqrasiya olur, təhsil alması xüsusi çətinlik yaratmır və onlar üçün nəzərdə tutulan əmək sahələrininin müxtəlifliyi zəngindir.
Buna görə də gözdən əlillərə bütün dövrlərdə, hətta elmin, texnikanın yüksək inkişaf səviyyəsinə çatdığı indiki zamanda da xüsusi qayğı göstərilməlidir.
Gözdən əlillərə dövlət qayğısı
Azərbaycan dövləti gözdən əlillər üçün müəyyən tədbirlər həyata keçirir. Həyata keçirilən tədbirlər gözdən əlillərin maddi və sosial vəziyyətini yaxşılaşdırsa da görüləsi işlər hələ də çoxdur.
İlk növbədə qeyd edək ki, I qrup gözdən əlillərin pensiyalarının səviyyəsi digər əlillərə nisbətən yüksək olur. Bu “Əmək pensiyaları haqqında” qanunda yaradılan imkanla bağlıdır.
Əlilliyə görə əmək pensiyası hesablanan zaman I qrup əlillərin pensiyasının baza hissəsi daha yüksək hesablanır. I qrup əlillərdə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə pensiyanın məbləğinin 120 faizi qədərində müəyyənləşdirilib. I qrup gözdən əlillərdə pensiya hesablanan zaman baza hissə yaşa görə pensiyaların məbləğinin 200 faizi həcminə bərabər götürülür.
Pensiyaların hesablanması zamanı I qrup əlillərə xüsusi yanaşmanın tətbiqi onların ümumi pensiyalarını məbləğinin digər I qrup əlillərlə müqayisədə yüksək olmasına imkan verir.
Dövlət Sosial Müdafiə Fondunun məlumtaına görə, 2013-cü ilin sonunda 24 mindən çox I qrup əlil əmək pensiya alır. Onların 7872 nəfəri I qrup gözdən əlildir. Əmək pensiyalarının orta məbləği 170 manat olduğu halda gözdən əlil pensiyaçılarının orta pensiyası 251 manatdan yüksəkdir.
Bundan başqa 2006-cı il yanvarın 1-dən qüvvədə olan “Əmək pensiyaları haqqında” qanunda əlillərin sosial müdafiəsi ilə bağlı mühüm müddəalar yer alıb. Qanunda əlilliyə görə əmək pensiyası növü xüsusilə fərqləndirilərək, bu kateqoriyadan olan vətəndaşlara xüsusi güzəştlər tətbiq edilib. Əlillərin ailə başçısını itirməyə görə əmək pensiyası hüquqlarının müəyyən edilməsində də bir sıra güzəştlər nəzərdə tutulub.
Gözdən əlillər üçün mühüm məsələlərdən biri mənzil şəraitinin yaxşılaşdırılmasıdır.
Uzun illərdir gözdən əlillərin bir çoxu mənzilsiz, yataqxana şəraitində, demək olar ki, yaşamaq üçün yararsız sahələrdə məskunlaşıb. 2008-ci ildə ilk dəfə olaraq gözdən əlillər mənzillə təmin edildilər. Bakının Nərimanov rayonunda inşa edilən 12 mərtəbəli binada 100 gözdən əlil ailəsi yeni mənzillə təmin olundu.
Daha bir bunanın tikintisi isə başa çatmaq üzrədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə tikilən binada 132 gözdən əlil ailəsi məskunlaşacaq.
2014-cü ildə istifadəyə verilməsi nəzərdə tutulan yaşayış binasının birinci mərtəbəsində həmçinin gözdən əlillərin asudə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif səpkili ofislər, reabilitasiya mərkəzi yaradılacaq. Reabilitasiya mərkəzində gözdən əlil insanların adaptasiya, reabilitasiya və sosial həyatda qarşılaşdıqları problemlərin köklü həlli üçün hər bir şərait yaradılacaq.
Gözdən əlillərin təhsilinə diqqət artır
Gözdən əlilləri narahat edən digər məsə təhsillə bağlıdır. Son illərdə gözdən əlillərin təhsil problemlərinin həllinə yönəldilən layihələr bu problemi qismən həll etməyə imkan yaradıb.
Layihələrdə əsas hədəf ilk növbədə gözdən əlillərin daha çox hissəsinin təhsilə cəlb edilməsinə nail olmaqdır. Gözdən əlil uşaqlar sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərində təhsil ala bilir. Buna misal kimi 5 nömrəli respublika xüsusi internat məktəbini göstərmək olar. Burada ötən il 260 nəfər gözdən əlil və zəif görən şagird təhsil alıb.
Əlil uşaqların təhsil səviyyəsinin qaldırılması məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə gözdən əlil uşaqlar üçün xüsusi internat məktəbinin nəzdində mətbəə yaradılıb ki, burada Brayl əlifbasında dərslik və dərs vəsaitləri çap olunur. Mətbəədə çap olunan dərs vəsaitləri gözdən əlil uşaqların dərsliklərə olan ehtiyacını tam təmin edir. Eyni zamanda, internat məktəbi Almaniyadan gətirilən xüsusi kompüter dəsti ilə təchiz edilib.
Bundan başqa tələbə gözdən əlillərə Heydər Əliyev Fondu tərəfindən xüsusi dilmanc kompüterlər də verilib. Azərbaycanın öz istehsalı olan bu mini kompüterlər bu qəbildən olan tələbələr üçün əvəzsiz avadanlıq sayılır.
Gözdən əlil insanların təhsil, bilik səviyyəsinin artırılması məqsədilə xüsusi kitabxana da fəliyyət göstərir.
Gözdən Əlillər üçün Respublika kitabxanası 1981-ci il iyunun 1-də Azərbaycan Korlar Cəmiyyətinin (Gözdən Əlillər Cəmiyyəti) təşəbbüsü ilə həmin Cəmiyyətin tabeliyində “Mərkəzi Respublika Korlar Kitabxanası” kimi fəaliyyətə başlayıb. Kitabxanın vəzifəsi I və II qrup gözdən əlillərə kitabxana informasiya xidməti göstərməkdir. Oxucuların tam fiziki imkansız olanlarına səyyar kitabxana xidməti göstərilir.
Kitabxananın fondunu Brayl kitabları (xüsusi şriftlə yazılmış kitablar), audiokassetlər, CD-lər və dövri mətbuat təşkil edir. Fondunu 7712 nüsxə ədəbiyyat təşkil edən kitabxananın 1061 nəfər oxucusu var. Oxucuların böyük əksəriyyətinin kassetləri oxutdurmaq üçün xüsusi və yaxud adi maqnitofonu vardır. Yarandığı gündən 1992-ci ilədək kitabxananın fondunu elə cəmiyyətin tabeliyində fəaliyyət göstərən səsyazma studiyasında lentə alınmış rulonlar, Ümumrusiya Korlar cəmiyyətinin “Loqos” səsyazma studiyasından və Ukrayna Korlar Cəmiyyətinin səsyazma studiyasından alınan rulonlar və Brayl kitabları təşkil edirdi. SSRİ dağıldıqdan sonra siyasi iqtisadi vəziyyətlə əlaqədar fonda heç bir kitab daxil olmamışdır.
Belə bir şəraitdə, yəni 1994-cü il yanvarın 1-dən etibarən kitabxana Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə keçmiş və “Respublika Korlar kitabxanası” adlanmışdır. 1999-cu ildən başlayaraq Rusiya ilə əlaqələr bərpa olunmuş, yeni kitablar əldə edilmişdir. 2002-ci ildən isə Azərbaycan Gözdən Əlillər Cəmiyyətində yaradılan studiyada milli dildə kitab yazılışına, 2006-cı ildən isə yeni yaradılan tipoqrafiyada Brayl şrifti ilə azərbaycan dilində kitabların çapına başlanıb.
2006-cı ilin mart ayından kitabxananın adı dəyişdirilib “Gözdən Əlillər üçün Respublika kitabxanası” adlandırılıb.
Gözdən əlillər üçün önəmli məsələlərdən biri də onların şəhərdə rahat hərəkətinin təmin edilməsidir. Yol infrastrukturlarında, yeraltı keçidlərdə əlillər üçün də xüsusi şərait yaradılır. Səsli işıqforlar quraşdırılır. Hazırda belə işıqforların sayı olduqca azdır.
Gözdən əlillərin hamısı müavinət və ya pensiya alsa da bu insanların məşğulluq məsələsi də önəmlidir. Gözdən əlillərin işlə təmin olunması üçün onlara xüsusi ixtisasların öyrədilməsi vacibdir. Gözdən əlillər üçün ali və orta ixtisas, peşə müəssisələrində spesifik fakültələrin yaradılması lazımdır. Təcrübədə rabitəçi, masacçı ixtisaslarına yiyələnən gözdən əlillər daha tez iş tapa bilir.
Buna görə də tibb sahəsi üzrə orta ixtisas biliyi verən texnikumların birinin nəzdində gözdən əlillər üçün xüsusi masac ixtisası üzrə fakültə yaradılması nəzərdə tutulur. Burada müalicəvi və idman masacı ixtisası öyrədilə bilər.
Gözdən Əlillər Cəmiyyətinin məlumatına görə artıq beş yüzdən çox əlil müxtəlif özəl və dövlət tibb müəssisələrində, klinikalarda işlə təmin olunub. Bu cür əlillər işlə təmin edilməklə onların başqa insanlardan asılılığı azalır.
Hazırda əlillərin problemləri ilə daha yaxından Gözdən Əlillər Cəmiyyəti məşğul olur. Bu cəmiyyət 2002-ci ilə qədər Korlar Cəmiyyəti adı altında fəaliyyət göstərib. Cəmiyyətin 30 mindən artıq üzvü var.
Cəmiyyət gözdən əlil vətəndaşların məşğulluq, işsizlik, sosial adaptasiya, mənzil problemlərinin həlli istiqamətində bir sıra əhəmiyyətli layihələrə imza atıb.
Onu da bildirək ki, hər il Azərbaycanda 1300-dən insan gözdən əlil olur. 2012-ci ilin məlumatına əsasən ölkəmizdə 22,687 min insan ilk dəfə əlillik dərəcəsi alıb. Onların 1397-i göz aparatında yaranan xəstəliklərlə əlaqədar əlil olanlardır.
2009-2012-ci illəri əhatə edən 4 il ərzində 5906 nəfər göz aparatında yaranan xəstəliyə görə ilk dəfə əlil statusunu alıb. Bu 4 il ərzində əlil olanların (82 496) 7,16 faizi gözdən əlillərdir. Ümumiyyətlə, hər il hər 10 min nəfərin 2-2,3 nəfəri gözdən əlil olur.
Vasif CƏFƏROV
Ekspress.-2014.- 12 mart.- S.9.