Respublika Gözdən Əlillər Kitabxanasında tanınmış Rus yazıçısı, ictimai xadim, publisist, keşiş Qriqori Petrovun həyat və yaradıcılığına, yazıçının yaradıcılığının kulminasiya nöqtəsi olan “Ağ Zanbaqlar Ölkəsi” adlı kitabının müzakirəsinə həsr olunan müzakirə saatı formatında tədbir keçirilib.
Tədbirdə oxucularımız və əməkdaşlarımızla yanaşı, “Sağlamlıq İmkanları Məhdud Uşaqlar Üçün 5 Nömrəli Respublika Xüsusi İnternat Məktəbi”nin şagirdləri və həmin məktəbin müəllimləri iştirak edirdilər.
Ayxan Hüseynov və Zəkəriyyə Qurbanov ədibin həyat və yaradıcılığı haqqında müfəssəl məlumat verdikdən sonra, 1 saat ərzində “Ağ Zanbaqlar Ölkəsi” və yazıçının əsərləri arasında bədii üslubu ilə xüsusi seçilən, “İdeal Müəllim” əsərini oxucularla aktiv müzakirə etdilər.
Məlumat üçün qeyd edək ki, “Ağ zanbaqlar ölkəsi” görkəmli rus ilahiyyatçısı və ictimai xadimi Qriqori Spiridonoviç Petrovun ən tanınmış publisist əsəridir. Rusiyada baş verən qan­lı Oktyabr inqilabından sonra mühacirətə gedən Q.Petrov bu kitabı Serbiyada çap etdirib. Kitab çap olunan kimi Avropanın slavyan xalqları arasında böyük şöhrət qazanıb, təkrar-təkrar nəşr edilərək yayılıb.
Kitabda Finlandiyanın Ru­siyaya birləşdirilmə­sin­dən sonra keçdiyi inkişaf yolu təsvir edilir. Əlbəttə, burada təsvir olunan hadisələr bütünlüklə reallığı əks etdirmir, Petrov Finlandiyanın timsalında geridə qalmış bir ölkənin tərəqqi yoluna çıxması və çiçəklənən bir ölkəyə çevrilməsinin özünəməxsus modelini yaradır. Lakin Petrovun bu əsərində, yarıreal-yarıutopik təsvirlərlə oxucuya təqdim olunan Fin­landiya, doğrudan da, bu əsərin yazılmasına qədər və yazılmasından sonra keçdiyi inkişaf yoluyla dünyanın ən qabaqcıl və zəngin bir ölkəsinə çevrilməsiylə heyrət doğurur.
1928-ci ildə türk dilinə çevrilən bu kitabla tanış olan Atatürk kitabı çox bəyənib, onun Türkiyənin məktəblərində, xüsusilə də, hərbi liseylərdə dərs və­saiti kimi istifadəsi barədə əmr verib.