Şair, publisist Ülkər Atəşin yaradıcılığına həsr edilən “Bəlkə, Mənəm Bu Payız” tədbirin təsüratları:
05.11.2024-cü il tarixində “Respublika Gözdən Əlillər Kitabxanası”nda, əməkdaşlarımız Zəkəriyyə Qurbanov və Ayxan Hüseynovun həm təşkilatçılığı, həm də aparıcılığı ilə “Özümüzü Tanıdaq Tədbirlər Silsiləsi” layihəsi çərçivəsində şair, publisist Ülkər Atəşin kitablarının audio versiyada təqdimatına həsr olunan “Bəlkə, Mənəm Bu Payız” adlı tədbir keçirilib.
Tədbirdə kitabxanamızın oxucuları ilə yanaşı, Respublikamızın Xalq Artisti Eldost Bayram, Əməkdar Mədəniyyət İşçisi, şair Qəşəm Nəcəfzadə, şair Mütalib Tahiroğlu, şair Dayandur Sevgi, şair, tərcüməçi Giya Paçxataşvili, yazıçı, jurnalist, tərcüməçi, pedaqoq Nərminə İsmayıl, şair, Pedaqoq Eldar Həsrət, şair Samirə Sahib, müğənni Nadir Bayramlı, “Beynəlxalq Əlillər Cəmiyyəti”nin təsisçisi və rəhbəri Tahir Xudiyev, aşıq Azər Fərmayıloğlu, jurnalist İlyas Naxçıvanlı, şair Fəxrəddin Meydanlı və digər qonaqlarımız iştirak edirdilər.
Tədbirin açılışını edən Zəkəriyyə və Ayxan şairin həyat və yaradıcılığı haqqında müfəssəl danışaraq, “Özümüzü Tanıdaq” tədbirlər silsiləsi layihəsi çərçivəsində şairin “Neynir Məni Bu Dünya” şeirlər kitabı, uşaq ədəbiyyatından “Mənbili, Məmbili Və Cümbülü” şeirlər toplusu, “Dağların Dağ Övladı Gədəbəy” elmi monoqrafiyası və şairə həsr edilmiş yazıçı Nərminə İsmayılın “Əsrin İncilərindən Ülkər Atəş” adlı kitabların audio versiyada ərsəyə gəlməsi barədə geniş məlumat verdilər. Sonra şair Publisist Ülkər Atəşə söz verilib.
Ülkər xanım öz növbəsində görüş və nəşrlərin səsli variantları barədə dəyərli fikirlərinibizimlə bölüşdü və tədbirdə əməyi keçən hər kəsə, xüsusilə, Zəkəriyyə Qurbanov və Ayxan Hüseynova dərin minnətdarlığını bildirdi.
Ülkər xanımın çıxışından sonra yuxarıda adları çəkilən digər fəxri qonaqlarımız Ülkər xanımın həyat və yaradıcılıq fəaliyyəti haqqında səmimi çıxış etdilər.
Qonaqlarımızın Ülkər xanımla bağlı möhtəşəm çıxışlarından sonra müğənni Nadir Bayramlı öz ifaları ilə və aşıq Azər Fərmayıloğlu aşıq havaları ilə tədbirimizə rəng qatdılar.
Tədbirin sonuna doğru yaxınlaşarkən, Ülkər xanımın qarmonda ifa etməsi tədbirimizin ən yadda qalan məqamlarından biri oldu.
Tədbirin sonunda Ayxan Hüseynov Ülkər xanımın yuxarıda adları çəkilən kitablarının hər birindən 2 ədəd səsli nüsxəni kitabxanamız adından şair, publisist Ülkər Atəşə hədiyyə edərək, sazlı-sözlü tədbirimizi bağlı elan etdi.
Tədbirdən sonra Ülkər xanım digər qonaqlarımızla birlikdə kitabxana ilə ətraflı tanış oldular, buradakı kitab fondu və digər məsələlərlə bağlı məlumat əldə etdilər.
xüsusi qeyd:
Əziz oxucular, şair, publisist Ülkər Atəşin “Neynir Məni Bu Dünya” şeirlər kitabı, uşaq ədəbiyyatından “Mənbili, Məmbili Və Cümbülü” şeirlər toplusu, “Dağların Dağ Övladı Gədəbəy” elmi monoqrafiyası və şairə həsr edilmiş yazıçı Nərminə İsmayılın “Əsrin İncilərindən Ülkər Atəş” adlı kitabları səsli versiyada kitabxanamızda mövcuddur.
Xoş mütaliələr.