24.10.2024-cü il tarixində Respublika Gözdən Əlillər Kitabxanasında, əməkdaşlarımız Ayxan Hüseynov və Zəkəriyyə Qurbanovun həm təşkilatçılığı, həm də aparıcılığı ilə Azərbaycan Ədəbiyyatının çağdaş klassiklərindən biri olan, drammaturgiyamızda Lirik-Psixoloji Dram janrının əsasını qoyan, əbədiyaşar sənətkarımız, tanınmış Nasir, dramaturq, Əməkdar İncəsənət Xadimi, Dövlət mükafatı laureatçısı Şöhrət ordenli, sənət nəzəriyyəçisi, teatr xadimi, Xalq Yazıçısı İlyas Əfəndiyevin “110 İllik Yubileyi”nə həsr olunan müzakirə saatı keçirilib. 

Tədbirdə dəyərli oxucularımızla yanaşı, Bakı şəhəri “Sağlamlıq İmkanları Məhdud Uşaqlar Üçün 5 Nömrəli Respublika Xüsusi İnternat Məktəbi”nin müəllimləri və şagirdləri iştirak edirdilər. 

Tədbirin moderatorları Zəkəriyə Qurbanov və Ayxan Hüseynov, açılışda İlyas Əfəndiyevin həyat və yaradıcılığı haqqında müfəssəl məlumat verdikdən sonra 1 saat ərzində tədbir iştirakçıları ilə birlikdə yazıçının əsərlərini müzakirə etdilər.

Müzakirələrdə aktiv iştirak etdiklərinə görə, dəyərli şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Yaratdığı əsərlərlə oxucunu düşündürmək, hisslərinə hakim kəsilmək, onu gözəlliklər aləminə çəkib aparmaq, haqq-ədalət uğrunda mübarizəyə ruhlandırmaq, həqiqətin tapılmasında hər kəsə yardımçı olmaq kimi ali keyfiyyətlər az-az qələm sahibinə nəsib olur. Dərin məna tutumu, ictimai fikrə hakim kəsilmək gücü ilə bir-birini tamamlayan, XX əsr Azərbaycan cəmiyyəti həyatının bütün sahələrini güzgü kimi əks etdirən aktual əsərləri ilə xalqın məhəbbətini qazanan İlyas Əfəndiyev belə xoşbəxt taleli sənətkarlardandır. XX əsr Azərbaycan ədəbiyyatının əvəzolunmaz simalarından biri kimi tarixə düşmüş İlyas Əfəndiyevin zəngin nəsrinə “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və digər roman və povestləri, dramaturgiyasına “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Mahnı dağlarda qaldı”, “Bağlardan gələn səs” və başqaları daxildir. O, pyesləri ilə teatr sənətimizdə yeni bir mərhələ açmış, “İlyas Əfəndiyev teatrı”nı yaratmışdır. Ədibin qəhrəmanları ülvi məqsədləri, mübarizliyi, xarakterlərinin bütövlüyü, yaşadığı hisslərin, duyğuların təbiiliyi ilə yaddaşlara həkk olunmuşlar. Qətiyyətlə deyə bilərik ki, 60-cı illərdə səhnəyə gələn gənclərin püxtələşməsində İlyas Əfəndiyevin zəngin dramaturgiyasının böyük rolu olmuşdur. Ədibin pyesləri öz fikir zənginliyi, qaldırılan problemlər ilə həmişə tamaşaçıda maraq oyadır. Onun əsərlərinin ekranlara yol açması da bu baxımından qaçılmaz idi. 

Azərbaycan teatr poetikası bədii-estetik dəyərini geniş mənada “İlyas Əfəndiyev teatrı”nda tapmışdır. Ədib özünün “Mahnı dağlarda qaldı”, “Xurşidbanu Natəvan”, “Şeyx Məhəmməd Xiyabani”, “Hökmdar və qızı” və digər tarixi dramları ilə xalqımızın milli azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizənin, istiqlal məfkurəsinin, azadlıq hərəkatının, milli birliyin və müstəqilliyin bədii tərənnümçüsünə çevrilmişdir.

60 ildən çox yaradıcılıq yolu keçmiş görkəmli sənətkar 90-cı illərdə də məhsuldar bir yazıçı kimi yazıb-yaratmış, sovet rejimi illərində, partiya qadağaları dövründə deyə və yaza bilmədiyi bir sıra mövzuları yeni zamanın kontekstində oxuculara təqdim etmişdir. O, “Hacı Axundun cənnət bağı necə oldu” hekayəsini, Xan qızı Gülsənubə