Giya Paçxataşvili ilə görüş
23.04.2024-cü il tarixndə “Respublika Gözdən Əlillər Kitabxanası”nda, əməkdaşlarımız Zəkeriyyə Qurbanov və Ayxan Hüseynovun həm təşkilatçılığı, həm də aparıcılığı ilə “Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü” ilə əlaqədar olaraq, “Özümüzü Tanıdaq” tədbirlər silsiləsi çərçivəsində tanınmış şair, tərcüməçi, jurnalist, Azərbaycan, Gürcüstan və Rusiya Yazıçılar Birliyinin üzvü Giya Paçxataşvili ilə görüşə həsr olunan tədbir keçirilib.
Tədbirdə dəyərli oxucularımızla yanaşı, biribirindən maraqlı və dəyərli qonaqlarımız: Giya müəllimin həyat yoldaşı Xatirə Paçxataşvili, I Qarabağ Müharibəsi Qazisi Aidə Şirinova, şair, publisist, “AYB”-i yanında Multikulturalizm üzrə rəhbəri Xatirə Fərəcli, tədqiqatçı, jurnalist Pünhan Şükür, şair, publisist, “Azərbaycan Uğrunda Qəzeti”nin baş redaktoru Xatire Rehimli, şair, tərcüməçi Nurafiz Hüseynov, “Xalq Qəzeti”nin əməkdaşı Ceyhun Mirzəli, Bakı şəhəri Nərimanov rayonu “Sağlamlıq İmkanları Məhdud Uşaqlar Üçün 5 Saylı Xüsusi İnternat Məktəbi”nin Azərbaycan Dili və Ədəbiyyat müəllimi, “AYB”-nin üzvü, şair Famil Hacisoy, həmin məktəbin Azərbaycan Dili və Ədəbiyyat müəllimi, “AYB”nin üzvü, şair Eldar Həsrət, tarix müəllimi Ülvi Məmmədov, alim bəstəkar İqbal Ağayev, musiqi müəllimi Babək Məmmədov, rəssam Sehran Allahverdi, şair Fərman Bədəlov, respublikamızın xalq artisti Eldost Bayram və s. iştirak edirdilər.
Tədbirin giriş hissəsində açılış nitqi söyləyən Zəkəriyyə Qurbanov, “Beynəlxalq Kitab və Müəllif Hüquqları günü “ilə əlaqədar danışmaq üçün sözü digər təşkilatçı və aparıcımız Ayxan Hüseynova verdi.
Öz növbəsində hamını salamlayan Ayxan Hüseynov, “beynəlxalq Kitab və Müəllif Hüquqları” günü haqqında məlumat verərək, kitab-mütaliə və Müəllif hüquqları barədə müfəssəl danışdı.
“Azərbaycan Respublikası əqli mülkiyyət hüquqlarının qorunması sahəsində geniş beynəlxalq əlaqələr qurub. 1995-ci ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzvü olan Azərbaycanın bu sahədəki əlaqələri getdikcə artır. Azərbaycan ÜƏMT-nin inzibati idarəçiliyində olan müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində konvensiya və müqavilələrə, o cümlədən “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasına (1999), “ÜƏMT-nın Fonoqram istehsalçılarının mənafelərinin onların fonoqramlarının qanunsuz təkrar istehsalından qorunması haqqında” Konvensiyasına (2001), “İfaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının verilişləri haqqında” Roma Konvensiyasına (2005), “Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Müəlliflik hüququna dair Müqaviləsi”nə (2005) və “Ümumdünya Əqli Mülkiyyət Təşkilatının ifalar və fonoqramlara dair Müqaviləsi”nə (2005) qoşulub. Azərbaycan Respublikası, həmçinin UNESCO-nun “Müəllif hüququ haqqında Ümumdünya Konvensiyası”na (1997) qoşularaq geniş beynəlxalq əməkdaşlığa cəlb olunub”, deyə, o, öz çıxışında qeyd etdi.
Ayxan Hüseynovun çıxışının ardınca, Zəkəriyyə Qurbanov “Özümüzü Tanıdaq” tədbirlər silsiləsi barədə danışaraq, şairin həyat və yaradıcılığı haqqında müfəssəl məlumat verdi. Şairin həyat və yaradıcılığından danışan Zəkəriyyə Qurbanov, onun “Givinin Qarabağnaməsi”, “Son-Əvvələ Gedən Yol” və “Hə Dedim” kitablarının səsli variantının ərsəyə gəlməsi haqqında da məlumat verdi.
Zəkəriyyə Qurbanov öz çıxışının ardınca şairin “Zülmətdən Gələn İşıq” adlı şeirinə həsr olunan, Kənan Qədimovun ifasında alim bəstəkar İqbal Ağayevin bəstələdiyi “Azərbaycan Televiziyasının Xoru” himnini oxuculara təqdim etdi.
Daha sonra hörmətli şair Giya Paçxataşviliyə söz verildi.
Giya müəllim öz növbəsində görüş və nəşrlərin səsli variantları barədə dəyərli fikirlərinibizimlə bölüşdü və tədbirdə əməyi keçən hər kəsə, xüsusilə, Zəkəriyyə Qurbanov və Ayxan Hüseynova dərin minnətdarlığını bildirdi.
Giya müəllimin çıxışından sonra onun “Və Nida Qarabağ Azərbaycandır Və Nida” şeiri səsləndirildi. Respublikamızın xalq artisti Eldost Bayramın qiraətində təqdim olunan bu şeir oxucular tərəfindən alqışla və rəğbətlə qarşılandı.
Şeirdən sonra şair Famil Hacısoya söz verildi və Famil müəllim Giya müəllimlə bağlı öz ürək sözlərini dedi.
Famil müəllimin dəyərli çıxışından sonra Giya müəllimin ona həsr etdiyi “Sən Əsgər Atasısan” adlı şeiri səsləndirildi.
Şeirdən sonra şair, tərcüməçi Nurafiz Hüseynova söz verildi. Oda öz növbəsində Giya müəllim və onun yaradıcılığı ilə bağlı öz dəyərli fikirlərini bizimlə bölüşdü.
Nurafiz müəllimin Giya müəllimlə bağlı çıxışından sonra onun Giya müəllimə həsr etdiyi “Givinin Bir Gözü Darağacı imiş” adlı şeiri səsləndirildi.
Nurafiz müəllimin ruhumuzu oxşayan şeirindən sonra digər qonaqlarımız: Giya müəllimin ömür-gün yoldaşı Xatirə Paçxataşviliyə, şair, publisist Xatirə Fərəcliyə, I Qarabağ Müharibəsi qazisi Aidə Şirinovaya, tədqiqatçı, jurnalist Pünhan Şükürə, şair, publisist Xatirə Əzizə, şair Eldar Həsrətə, Ülvi müəllimə, alim bəstəkar İqbal Ağayevə, Babək müəllimə, rəssam Sehran Allahverdiyə, xalq artisti Eldost Bayrama, və şair Fərman Bədəlova söz verildi.
Qonaqlarımızın Giya müəllimlə bağlı rəngarəng çıxışları ilə tədbirimiz daha da canlandı.
Tədbirin sonunda Ayxan Hüseynov Giya müəllimin yuxarıda adları qeyd olunan kitablarından 2 ədəd səsli nüsxəni kitabxanamız adından Giya Paçxataşviliyə hədiyyə edərək, tədbiri bağlı elan etdi.
Tədbirdən sonra Giya müəllim digər qonaqlarımızla birlikdə kitabxana ilə ətraflı tanış oldular, buradakı kitab fondu və digər məsələlərlə bağlı məlumatlar əldə etdilər.
Xüsusi qeyd:
Əziz oxucular, şair, tərcüməçi Giya Paçxataşvilinin 3 kitabı səsli versiyada kitabxanamızda mövcuddur.
Xoş mütaliələr.
Hesabatı hazırladı:
Ayxan Hüseynov