09.06.2023-, cü il tarixində “Respublika Gözdən Əlillər Kitabxanası”nda, dəyərli əməkdaşlarımız Ayxan Hüseynov və Zəkəriyyə Qurbanovun təşkilatçılığı ilə, Azərbaycan poeziasının incisi, qısa ömründə XX əsrin klassiklərindən birinə çevrilən, tanınmış yazıçı, lirik-romantik şair, tərcüməçi, pedaqoq və represiya qurbanı olan Mikayıl Müşfiqin 115 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbirdə oxucularımız, əməkdaşlarımız və qonaq qismində dəvət etdiyimiz tanınmış qiraətçilər; hamımızın sevimlisi qiraətçi, şair Xəzər Süleymanlı və qiraətçi Rəşad Mikayılov iştirak edirdi. Tədbirin açılışını əməkdaşımız Zəkəriyyə Qurbanov etdi. Açılış nitqindən sonra, şair Mikayıl Müşfiqin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Zəkəriyyə Qurbanov Mikayıl Müşfiqin həyatı haqqında danışmaq üçün sözü əməkdaşımız Ayxan Güseynova verdi.
Ayxan Hüseynov şairin həyatı haqqında geniş məlumat verdi. Verilən məlumatdan aydın olur ki, şair Mikayıl Müşfiqin 29 illik ömrünün yarısı səfa, yarısı cəfa içərisində keçib. Şairin həyatı haqqında danışan Ayxan Hüseynov, onun həyat lövhələrini özündə əks etdirən, rəngarəng poetik irsi haqqında məlumat verməsi üçün, sözü yenidən Zəkəriyyə Qurbanova ötürdü.
Zəkəriyyə Qurbanov Müşfiqin şeirləri, kitabları, tərcümələri, poemaları və s. haqqında müfəssəl danışdı.
Mikayıl Müşfiqin həyat və yaradıcılığına səyatət edildikdən sonra, çıxış etmək üçün xalqımızın qiraətçiləri; Xəzər Süleymanlı və Rəşad Mikayılova söz verilib.
Xəzər Süleymanlı və Rəşad Mikayılov, hamını salamlayıb tədbirin ərsəyə gəlməyində əməyi keçənlərə təşəkkür edərək, şair Mikayıl Müşfiqlə bağlı ürək sözlərini dedilər.
İlk olaraq, Xəzər Süleymanlı şeir tacidarı olan şairin “Gecə Düşüncələri” şeirini bizim üçün oxudu. Rəşad Mikayılov isə şairin “Qurban Olduğum” adlı şeirini oxudu. Öz şeirləri ilə könüllərdə taxt quran Mikayıl Müşfiqin, “Sənin Gülüşlərin” adlı şeirini Xəzər Süleymanlının ifasında dinləyərkən, ruhumuz dincəldi. Rəşad Mikayılov isə şairin “Yaşa Könül” adlı şeirini səsləndirdi.
Bu tədbirimizdə ən yadda qalan maraqlı məqamlardan birini qeyd edək ki, tədbir iştirakçılarından , dəyərli oxucumuz Eltun Cəfərovun Müşfiqin eyni adlı şeirinə həsr olunan mahnını ifa etməsi, tədbirimizə xüsusi gözəllik qatdı. Digər bir oxucumuz Nailə xanım Müşfiqin “Səndən Küsmərəm” şeirini səsləndirdi.
Daha sonra isə Xəzər Süleymanlı, Rəşad Mikayılov və Nailə xanım XX əsr Azərbaycan poeziyasının təcəssüməsi olan şairin, məşhur “Yenə O Bağ Olaydı” şeirini birlikdə oxudular. Üçlükdə səsləndirilən bu şeir, kitabxanamızda xüsusi coşğu ilə qarşılandı. Necə deyərlər, kitabxana öz oxucuları ilə canlanar.
Sonda Ayxan Hüseynov, öz qiraətləri ilə ruhumuza toxunan Xəzər Süleymanlıya, Rəşad Mikayılova və tədbirdə iştirak edən hər kəsə, “Respublika Gözdən Əlillər Kitabxanası”nın adından xüsusi minnətdarlığını bildirib, tədbiri bağlı elan etdi.
İnsan duyğularını xüsusi poetikliklə açan, Azərbaycan ədəbiyyatında öz yerini tutan şair Mikayıl Müşfiqi hər zaman hörmətlə xatırlayacağıq.
(05.06.1908-06.01.1938)
Hesabatı hazırladı:
Ayxan Hüseynov