31.05.2023-cü il tarixində “Respublika Gözdən Əlillər Kitabxanası”nda, “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunan “Uşaqların İnkişafında Mütaliənin Rolu” adlı tədbir keçirilib. Tədbirdə “Sağlamlıq İmkanları Məhdud Uşaqlar Üçün 5 Saylı Xüsusi İnternat Məktəbi”nin 5-ci və 6-cı sinif şagirdləri, məktəbin “Uşaq və Gənclər Təşkilatı”nın rəhbəri, Xoşqədəm Əhmədova və əməkdaşlarımız iştirak edirdi.
Tədbirin açılışını tədbirin təşkilatçılarından olan dəyərli personalımız, Ayxan Hüseynov etdi. Ayxan Hüseynov açılış nitqi söyləyib balalarımızı təbrik etdikdən sonra, təbrik üçün sözü kitabxanamızın dəyərli direktoru, Şəhla xanım Vəliyevaya verdi.
Şəhla xanım uşaqları bu gözəl bayram münasibəti ilə təbrik etdi. Onlara sağlamlıq və xoşbəxtlik dilədi. “Uşaqlar nümunəvi insanlardılar. Onlar saf, təmiz və kirlənməmiş dünyaya sahibdirlər. Gəlin, onların bu dünyasını hər zaman bu cür saflıqla qoruyub saxlayaq. Ona görə də uşaqların qarşısında hər birimiz bir məsuliyyət daşıyırıq”, deyə, o, əlavə etdi. Şəhla xanımın çıxışından sonra Xoşqədəm xanım Əhmədova uşaqları təbrik edərək, öz ürək sözlərini çatdırdı.
Sonra isə Ayxan Hüseynov təbrik üçün sözü kitabxanamızın dəyərli əməkdaşlarından olan və öz aktivliyi ilə hər zaman fərqlənən, Zəkəriyyə Qurbanova verdi.
Zəkəriyə Qurbanov bütün uşaqları təbrik etdi və “1İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nün tarixi inkişaf mərhələlərindən müfəssəl danışdı. Bundan sonra, Zəkəriyyə Qurbanov uşaq zorakılığı və “Uşaq Hüquqları Konvensiyası” haqqında ümumi məlumat verdi. Tədbirin gedişində Zəkəriyyə Qurbanov uşaqların mütaliəsi barədə məlumat verməsi üçün sözü yenidən Ayxan Hüseynova ötürdü.
Ayxan Hüseynov mütaliənin uşaqların həyatındakı rolundan danışarkən, bu mövzuda ilk növbədə valideynlərin mariflənməsini xüsusi ilə qeyd etdi. Ayxanın çıxışından sonra, kitabxanamızın digər əməkdaşı, Nazlı xanım Əliyeva uşaqların tərbiyəsində mütaliənin rolu barədə əlavələr etdi. Mövzu ilə bağlı ətraflı müzakirələrdən sonra, söz şagirdlərə verildi. Şagirdlərimiz də öz şeir və tapmacaları ilə tədbirimizi daha rəngarəng və maraqlı etdilər.
Uşaqlarımız deyib gülməyi, əylənməyi sevdikləri kimi, nağıl dinləməyi də çox sevirlər. Çünki nağıl dinlədikdə, onlar fərqli-fərqli dünyalara səyahət etmiş olurlar. Elə bu səyahət etdikləri dünyalarda da özlərini hansısa qəhrəmanın, obrazların yerinə qoyurlar. Bax, bu təsəvvürləri, bu xəyalları, uşaqlarımızda yaşatmalıyıq. Onlara hər zaman hüzur dolu, sevgi dolu həyat bəxş etməliyik. Bu baxımdan, kitabxanamızın hazırladığı “Azərbaycan Xalq Nağılları”ndan ibarət disqləri əməkdaşlarımız uşaqlara hədiyyə olaraq təqdim etdilər.
Tədbirdə eyni zamanda sərgi təşkil edilib. Sərgidə kitabxanamızın fondunda saxlanılan uşaq ədəbiyyatına dair nümunələr nümaiş olunub.
Ayxan Hüseynov son olaraq, uşaqlara bir daha öz xoş diləklərini çatdırıb, tədbiri bağlı elan etdi.
Əziz uşaqlar! Dünya sizlərlə gözəldir. Sizlər bizim həm bu günümüz, həm də sabahımızsız. Bayramınız mübarək.
Tədbirdə iştirak edən hər kəsə, xüsusəndə, şagirdlərimizə təşəkkür edirik.