17 mart 2023-cü il tarixdə  Respublika Gözdən Əlillər Kitabxanasında insanlarda ruh yüksəkliyi, əmək coşğunluğu, torpağa məhəbbət hissi oyadan, milli birliyimizin təcəssümü olan Novruz bayramı keçirildi. Hər yerdə olduğu kimi, bizim kitabxanamızda da, bayram ab-havası hökm sürürdü. Bayram süfrəsi açılmış, stolun üstünə baharın rəmzləri olan səməni və şirniyyatlar düzülmüşdü.

             Tədbirin açılışını dəyərli kollektiv üzvləri  Ayxan Hüseynov və Zəkəriyyə Qurbanov etdilər. Zəkəriyyə Qurbanov Novruz bayramının tarixi haqqında müfəssəl məlumat verdi. Ayxan Hüseynov isə, bayrama hazırlıq mərhələsi olan çərşənbələrdən və hər çərşənbənin özünəməxsus adət-ənənələrindən söz açdı. Daha sonra isə Zəkəriyyə Qurbanov və Ayxan Hüseynov  Novruz bayramının digər adətlərindən, bayram süfrəsindən və Novruz bayramının Türk dünyası və xalqımızın həyatındakı rolundan danışdılar. Ümumi çıxışlardan sonra bayram süfrəsində regionlarda Novruz bayramının keçirilməsi və adət-ənənələri müzakirə olundu. Kollektivimizin dəyərli əməkdaşlarından Tofiq bəy, Nazlı xanım, Kəmalə xanım, Mahirə xanım, Alidə xanım və Gülşən xanım müzakirələrdə aktiv iştirak etdilər.

Tofiq bəy və Nazlı xanım Lerikdə və bütövlükdə cənub bölgəsində, Kəmalə xanım Azərbaycanımızın dilbər guşələrindən olan Qarabağ zonasında, Gülşən xanım isə Qubada, xüsusən də şimal bölgəsində Novruz bayramının keçirilməsi və fərqli adət-ənənələrdən danışdılar.

                 Bu gün həm də dəyərli direktorumuz Şəhla xanım Vəliyevanın doğum günü idi. Şəhla xanımın doğum günü bayramımıza xüsusi bir rəng qatdı. Bütün kollektivimiz adından Şəhla xanıma sağlamlıq və xoşbəxtlik diləyirik. Sonda kitabxanamızın direktoru Şəhla xanım Vəliyeva öz təbriklərini və arzularını çatdırıb tədbiri bağlı elan etdi.

                  Novruz bayramı, qədim tarixi, etimologiyası, simvolları və özünəməxsus adət-ənənələri ilə zəngin bir bayramdır. Tarix boyu heç bir qüvvə Novruz adətlərini xalqımızın əlindən almağa, qəlbindən silməyə müvəffəq olmayıb. Novruzun təntənəli milli bayram kimi qeyd edilməsi Azərbaycanın dövlət müstəqilliyinin xalqımıza verdiyi bəhrələrdən biridir. Novruz «təzə il» deməkdir, baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsl yeni ilə həmin gündən başlanır. Novruzun gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə, ürək sevinci ilə, qəlb fərəhi ilə qarşılasın. Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədən hazırlıq gedir. Analar, bacılar şəkərbura, paxlava, şorqoğal və başqa nemətlər bişirir, bolluq və bərəkət rəmzi olan səməni qoyurlar. El tonqal başına yığışır, küsülülər barışır, qohumlar, dostlar bir-birinin evinə təbrikə gedirlər. Gənc qızlar, oğlanlar məşəl yandırır, tonqal üstündən tullanır, evlərə papaq atır, qulaq falına çıxırlar. Küçədə də, məktəbdə də, idarə və müəssisələrdə də hamının dilində eyni sözlər səslənir: Bayramınız mübarək!