Firudin bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub. 1872–1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil almışdır. Daha sonra 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olur[5].1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədi ilə bu məktəbə gəlir Firidun bəyi də təhsil almaq üçün Qoriyə aparır[2]18791885-ci illər ərzində o Zaqafqaziya müəllimlər seminariyasında təhsil alır. Təhsil aldığı müddətdə müəllimləri A.O.Çernyayevski və M.Kipiani ilə yaxın münasibət saxlayır

1885-ci ildə seminariyanı bitirdikdən sonra İrəvan gimnaziyasına təyinat alır.[7] 1885–1890-cı illərdə İrəvanda fəaliyyət göstərdiyi dövrdə gimnaziyada ana dili, hüsnxətt fənlərini tədris etmiş, pansion mürəbbisinin köməkçisi vəzifəsini daşımışdır[8]. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə dəfələrlə mükafatlandırılmışdır. Ona “Kollecski sekretar”, “Titulyar sovetnik” və “Statski sovetnik” rütbələri verilmişdir. 1893–1894-cü illərdə yenidən İrəvan gimnaziyasında fəaliyyət göstərir. 1895-ci ildə isə İrəvan şəhərini tərk edir. Elə həmin ildə Qori Müəllimlər Seminariyasının “tatar şöbəsi”-nin Azərbaycan dili və şəriət müəllimi təyin edilir. 1918-ci ilə qədər Qoridə pedaqoji fəaliyyətini davam etdirir. 1897-ci ildə Vəkilovlar nəslindən olan Badisəba xanım Köçərli ilə ailə həyatı qurur[9]. 1910-cu ildə Qori Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı sonradan isə seminariyanın Azərbaycan şöbəsinin inspektoru vəzifəsinə təyin olunmuşdur. 1916–1917-ci illərdə seminariyanın Azərbaycana köçürülməsi üçün təşəbbüs göstərmiş, təkliflər irəli sürmüşdür. Siyasi proseslərə qoşularaq, “Müsavat” partiyasına üzv olmuşdur[2].

1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini tədris ləvazimatı və avadanlığı ilə birlikdə öz xərcinə Qazax şəhərinə köçürmüş, bunun əsasında Azərbaycan Müəllimlər Seminariyası yaradılmışdır. Firidun bəy Köçərli seminariyanın direktoru təyin olunur. 17 sentyabr tarixindən Qazax Müəllimlər Seminariyasında ilk dərslər başlayır. Sonradan Qazaxda ilk uşaq evi açır. 1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilir, və İstiqlal bəyannaməsini imzalayır[10]. 1919-cu il fevralın 1-də Müsavat partiyasının səyyar bürosunun Mərkəzi Komitəsinin təşəbbüsü ilə təşkil edilmiş Qazax şöbəsinə sədr seçilir. Sovet işğalına qədər Qazax Müəllimlər Seminariyasına rəhbərlik edir[6]

1884-cü ildə Qori müəllimlər seminariyasında təhsil alarkən “Təlimi-Sokrat” əsərini yazıb. İrəvan gimnaziyasında çalışdığı illərdə Zöhrabzadə ilə birlikdə “Təlimi-lisani-türkü” adlı dərslik tərtib etmişdir. 1886-cı ildə ilk teatr tamaşasını qoymuşdur. 1890-cı ildə isə İrəvanda “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasını tamaşaya qoyub. 1891-ci ildə “Təlimi-Sokrat” adlı kitabı Bağçasarayda “Tərcüman” mətbəəsində 1892-ci ildə isə A.S.Puşkindən tərcümə etdiyi “Torçu və balıq” mənzum nağılı İrəvan şəhərində kitab halında çapdan çıxmışdır. M.Y.Lermontovun “Üç xurma ağacı” və A.Koltsovun “A kişi, niyə yatıbsan?” şeirlərinin tərcüməsindən ibarət kitabı Şuşada çap edilmişdir[11]. “Tatar komediyaları” adlı ilk elmi məqaləsi “Novoye obozreniye” qəzetində dərc olunmuşdur. 1898-ci ildə “Ərəb əlifbası və onun qüsurları” silsilə məqaləsi “Qafqaz” qəzetində dərc olunur. 1900-cü ildə Müəllimlər Seminariyasının Ümumdünya Paris sərgisində Qori Seminariyasından nümayiş etdirilən eksponatlar sırasına F.Köçərlinin kitabları da daxil edilir. 1903-cü ildə Tiflisdə “Azərbaycan tatarlarının ədəbiyyatı” kitabı rus dilində çap edilir. Elə həmin ildə M.F.Axundovun “Aldanmış kəvakib” povestini rus dilinə çevirir. 1904-cü ildə A.P.Çexovun “At familiyası” hekayəsini tərcümə edib, kiçik bir müqəddimə ilə “Şərqi-Rus” qəzetində dərc etdirir[6]. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasını təqdir edərək, jurnalın birinci üç aylıq fəaliyyəti barədə icmal hazırlayıb, “Tiflisskiy listok” qəzetində dərc etdirir. “İrşad” qəzetində “Bir darülmüəllimin kifayətdir” adlı məqalə ilə çıxış edərək, Azərbaycanda müstəqil Müəllimlər Seminariyası yaradılması məsələsini qaldırır. Cəlil Məmmədquluzadənin “Usta Zeynal” kitabçası haqqında eyni adlı məqaləni “Znaniye” qəzetində çap etdirir. 1911-ci ildə M.F.Axundzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə Tiflisdə keçirilən təntənəli yığıncaqda məruzə ilə çıxış edib. “Mirzə Fətəli Axundov” adlı kitabı çap olunub[12]. 1912-ci ildə uşaqlar üçün yazdığı “Balalara hədiyyə” kitabı Bakıda “Kaspi” mətbəəsində çap olunur. 1913-cü ildə yazdığı “Azərbaycan ədəbiyyatı tarixi” adlı üç cildlik əsərini tamamlamışdır[13]. 1920-ci ildə “Vətən dili”nin I hissəsinin yenidən işlənməsində xidmətləri olmuşdur. Onlarla dərsliyə düzəliş etmiş, nəzəri materialı, hekayələri artırmış, metodika və stilistikasını zənginləşdirmişdir. Ölümündən sonra 1925-ci ildə “Azərbaycan ədəbiyyatı tarixi materialları” kitabının I hissəsi 1926-cı ildə isə kitabın II hissəsi çap edilmişdir[13]. Uşaqlar üçün yazdığı “Balalara hədiyyə” kitabı isə 1967,1972 və 2013-cü illərdə çap edilmişdir[2].