Azərbaycan xalqının dünya sivilizasiyasına bəxş etdiyi nadir töhfələrdən biri də Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələrdir. Tarixi faktlar sübut edir ki, bu qiymətli əsərləri yaradarkən xalqımız müxtəlif yazı növlərindən və əlifbalardan istifadə etmişdir. Qədim Manna dövlətində yerli yazı növü ilə yanaşı, heroqliflərdən də istifadə olunduğu məlumdur. Ulu əcdadlarımız olan al- banların 52 hərfdən ibarət əlifbası vardı. Ölkəmizdə İslam dininin yayılması ilə əlaqədar ərəb əlifbasından geniş istifadə olunmuş, yüz illər boyu ərəb dili din, elm və t əhsil dili rolunu oynamışdır. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqələrinə xidmət etmiş ərəb qrafikası dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilmir, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmırdı. Bu çatışmazlıqlar M. F. Axundzadə başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarında əlifba islahatı keçirmək ideyaları yaratmışdı. Lakin o vaxt bu ideyanı həyata keçirmək mümkün olmamışdı. 1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Yeni Əlifba Komitəsi yaradıldı. Bu Komitəyə Azərbaycan (türk) dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırığı verildi. Bu yeni əlifbaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu. 1923-cü ildən etibarən latın qrafikalı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyəsinə əsasən 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Bu hadisə Azərbaycanda savadsızlığın ləğv olunmasında mühüm rol oynadı. Lakin Türkiyə Cümhuriyyətində də latın qrafikalı əlifbaya keçilməsi və bunun nəticəsində SSRİ- də və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənməsi qorxusu Sovet imperiyası rəhbərliyində Azərbaycan əlifbasının yenidən dəyişdirilməsi planlarını yaratdı. Nəticədə 1940-cı il yanvarın 1-dən kiril qrafikalı əlifbaya keçmək haqqında qərar qəbul olundu. Sonralar kiril qrafikasının Azərbaycan dilinin fonetik səs sisteminə uyğunlaşdırılması üçün Azərbaycan kiril qrafikasında müəyyən dəyişikliklər aparıldı. Yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradıldı. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra latın qrafikalı Azərbaycan əlifbasının bərpası üçün tarixi şərait yarandı. Nəticədə 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı. Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan Prezidenti H. Əliyev 2001-ci il avqustun 9-da fərman imzalamışdır. Bu fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edilmişdir.