İkinci Dünya müharibəsindən sonra bəşəriyyət bir daha yəqin etdi ki, insanı təbiətdən ayrı dərk etmək olmaz. Təbiət anadır, insan isə onun övladıdır. Övlad anasının qədrini bilməlidir. İnsanlığın əsas göstəricilərindən biri onu yaradıb bəsləyənə hörmətdir. Təbiətin qədrini bilmək, qayğısına qalmaq – insanlığın göstəricisidir. Belə bir bənzətmə var: “təbiət gözəl qadındır, insan isə onun qulaqlarından asılmış qiymətli sırğadır; sırğa qadına çox əziyyət verərsə, qadın onları açıb ata bilər”. Ona görə müasir insanlar biosferi qoruyub saxlamaq üçün qlobal miqyaslı tədbirlər hazırlayıb həyata keçirməyə çalışırlar. Bu tədbirlər bəşəriyyəti bütövlükdə əhatə edir, hər kəs dünya və gələcək nəsillər qarşısında məsuliyyət daşıyır. Bunları n əzərə alan BMT Baş M əclisi 1972-ci il dekabrın 15-də iyunun 5-ni Ətraf Mühitin Mühafizəsi Günü elan etmişdir. Bu qərarda məqsəd ictimaiyyətin diqqətini ətraf mühiti qorumaq və yaxşılaşdırmaq sahəsində təxirəsalınmaz tədbirlərin keçirilməsinə yönəltməkdir. Həmin günün seçilməsi onunla əlaqədardır ki, 1972-ci il iyunun 5-də Stokholmda BMT-nin Ətraf mühitin mühafizəsi prob- lemlərinə dair konfransı açılmış və burada BMT-nin Ətraf mühit haqqında Proqramı qəbul edilmişdi. Hər bir insan özünün fəaliyyəti prosesində bu və ya digər formada təbiətlə v ə ətraf mühitlə təmasda olur. Bu baxımdan hər kəs istər məişətdə, istərsə də istirahət zamanı ətraf mühitin qorunmasına qayğı ilə yanaşmalıdır. Ətraf mühiti qorumaq vəzifəsi ilk növbədə əmək fəaliyyəti nəticəsində təbiətdən istifadə edən və ətraf mühitə təsir edə bilən hər bir şəxsin üzərinə düşür. Hər kəsin ətraf mühiti qorumaq və ona qayğı ilə yanaşmaq vəzifəsi həm hüquqi, həm də əxlaqi dəyərlərlə ölçülür. Həyat fəaliyyəti ətraf mühitlə v ə t əbiətlə bağlı olan hər kəs bu sahədə mövcud qanunvericiliyin bütün tələblərinə əməl etməlidir. Ətraf mühiti qorumaq və ona qayğı ilə yanaşmaq cəmiyyətin hər bir üzvünün mənəvi borcudur. Ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsasları “Ətraf mühitin mühafizəsi haqqında” 1999-cu il 8 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilir. Ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsi, təbii-ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınması, bioloji müxtəlifliyin qorunub saxlanması və təbiətdən istifadənin səmərəli təşkili Azərbaycan dövlətinin ekologiya sahəsində qarşıya qoyduğu əsas vəzifələrdir.