F. Köçərli adına Respublika Uşaq Kitabxanası 1965-ci il yanvarın 1-də
Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə M.Qorki adına kitabxana fondunun bazası əsasında yaradılmışdır. 12 sentyabr 1967-ci ildən Azərbaycan Respublikası Mərkəzi Komitəsinin 25 saylı (§22) sərəncamına əsasən uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan, Azərbaycan ədəbi dilinin saflığı uğrunda daim mübarizə aparmış Azərbaycan ədəbiyyatşünası, pedaqoq, maarifpərvər, uşaq folklor antologiyasının banisi Firidun bəy Köçərlinin adını
daşıyır. 1965-ci ildə Respublika Uşaq Kitabxanasının yaradılması uşaqlara
kitabxana xidmətinin və onun metodik təminat sisteminin formalaşmasında irəliyə atılmış ciddi addım oldu. Belə ki, görkəmli alim və maarifçi F. Köçərlinin adını daşıyan Respublika Uşaq Kitabxanasının yaradılması nəticəsində uşaqlara kitabxana xidmətinin ümumrespublika metodik mərkəzi meydana gəldi, uşaqlara xidmət edən
digər kitabxanalara, o cümlədən 3 mindən çox məktəb kitabxanasına metodik rəhbərlik təmin edildi. Nəhayət, uşaq kitabxanaları üçün metodik mərkəzin yaradılması ölkədə uşaqlara kitabxana xidmətinin inkişaf perspektivlərinin elmi konsepsiyasının yaradılmasına, bu işə xidmət bütün kitabxanaların fəaliyyətinin əlaqələndirilməsinə və tam bir sistem kimi fəaliyyət göstərməsinə hüquqi, nəzəri, 7 metodik və təşkilati zəmin yaratdı. Respublika Uşaq Kitabxanasının elmi-metodik fəaliyyətini kitabxanaşünaslıq fikrinin son nailiyyətləri zəminində təşkil etmək
məqsədilə 70-ci illərdə zəngin metodik nəşrlər fondu yaradıldı. Bu fondda uşaqlara kitabxana xidmətinin bütün nəzəri, metodik və təcrübi nailiyyətlərini və qabaqcıl təcrübəni əks etdirən ədəbiyyat toplanıldı. Fonddan yalnız kitabxananın öz işçiləri deyil, həmçinin respublikada fəaliyyət göstərən bütün uşaq kitabxanaları fəal istifadə edirdi. Onun əsasında rayon uşaq kitabxanalarına hər il orta hesabla 140-150 yazılı
arayış göndərilirdi. F.Köçərli adına Respublika Uşaq Kitabxanası müstəqillik illərində Azərbaycan mədəniyyətinin inkişafı və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılması, dünya kitabxanaları səviyyəsinə qalxması istiqamətində də mühüm addımlar atmışdır. Belə ki, bir çox dünya kitabxanaları ilə əlaqələr yaradılmış, onların iş təcrübələrindən istifadə etməklə uşaqlara kitabxana
xidmətində ən müasir metod və formalar tətbiq olunmuşdur.
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının təsis etdiyi
“Göyqurşağı” uşaq jurnalı (2006-cı il mart 2007-ci ilin oktyabr ayına kimi
“Körpəm” adı ilə nəşr olunmuşdur) məktəblilərin dünyagörüşünün inkişafında, onlarda vətənpərvərlik hisslərinin daha da güclənməsində, təhsilə marağın artmasında böyük rol oynamaqla daim diqqət mərkəzində olmuşdur. 32 səhifədən ibarət rəngli şəkillərlə nəfis tərtib olunan bu jurnalın hər sayı uşaqlar tərəfindən maraqla qarşılanır. Jurnalın hər sayında əlamətdar tarixi günlər, bayramlar, tarixi və görkəmli şəxsiyyətlər, təhsil müəssisələri haqqında məlumatlar, uşaqların qələmə
aldıqları şeir və hekayələr, çəkdikləri rəsmlər dərc olunur. Jurnalda kitabxanaya daxil olan yeni kitablar haqqında oxuculara müntəzəm məlumat verilir. Uşaqların intellektual səviyyələrinin artırılmasına xidmət edən məntiqi suallarla zəngin əyləncəli səhifə və rubrikalar jurnalı daha da maraqlı edir.

“Göyqurşağı” uşaq jurnalı Mədəniyyət Nazirliyinin göstərişi ilə Azərbaycanın bütün rayonlarının Mərkəzləşdirilmiş Kitabxana Sistemi vasitəsilə ən ucqar dağ kəndlərinə belə yayılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 6 oktyabr 2008-ci il tarixli “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkışafı üzrə Dövlət Proqramı” nın təsdiq edilməsi barədə sərəncamı – kitabxana işinin inkişafında yeni bir mərhələyə başlanğıc verdi. Dövlət Proqramında oxucuların inforamasiya tələbatının ödənilməsi ilə bağlı Firidun bəy Köçərli adına Respublika Uşaq kitabxanası artıq neçə illərdir ki, Uşaq və yeniyetmələr üçün səyyar kitab sərgisini – “Uşaq kitab Karvanı” layihəsini uğurla həyata keçirir. 3 il ərzində (2011-2013)
keçirilən layihə üzrə 16 rayona Kitab Karvanı yola düşmüş, 14270 nüsxə uşaq kitabları hədiyyə edilmişdir. F.Köçərli adına Respublika Uşaq kitabxanası 2012-ci ildən mötəbər bir təşkilatın – Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) üzvüdür. Atrıq iki ildir ki, həmin təşkilatla sıx əlaqə saxlayır, keçirilən sərgilərdə, konqresdə iştirak edirlər. Təşkilata üzv olmaqda əsas məqsəd Azərbaycanda uşaq yazıçıları,  8 rəssam və tərcüməçilərini müasir uşaq ədəbiyyatımızdakı problemlərə yönəltmək,
Beynəlxalq Uşaq Ədəbiyyatı Şurası vasitəsilə ölkəmizi tanıtmaq və uşaq ədəbiyyatı sahəsində olan yenilikləri tətbiq etməklə uşaqların mütaliəyə olan həvəslərini artırmaq, onları dünya uşaq ədəbiyyatı nümunələri ilə tanış etməkdir. F. Köçərli adına Respublika Uşaq Kitabxanası bundan sonra da informasiya təminatı istiqamətində fəaliyyətinin səmərəsinin artırılması, inkişafı və təkmilləşdirilməsi məqsədilə günün tələbləri səviyyəsində mütərəqqi iş üsullarından istifadə edəcəkdir.
Yəni kompüter texnologiyalarının tətbiqi, ənənəvi informasiya mənbələrin elektron daşıyıcılara köçürülməsi, CD-ROM texnologiyaların tətbiqi, informasiyanın təqdim etmək imkanları və bir sıra başqa işlərin həyata keçirilməsi üçün səy göstərərək uğurlar əldə edirlər. 2015-ci ildə F. Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubileyi ərəfəsində kitabxananın bütün şöbələrinin qarşısında da xeyli vəzifələr durur. Ümidvarıq ki, F.Köçərli adına Respublika Uşaq Kitabxanası bu vəzifələrin öhdəsindən layiqincə gələcək və bundan sonra da kitabxana ictimaiyyəti
üçün əhəmiyyətli vəsaitlərin nəşr edilməsində, regionun uşaq kitabxanaları üçün metodik təminat sisteminin güclənməsində və kitabxanaçı kadrların səriştəsinin artırılmasında bütün imkanlarından müvəffəqiyyətlə istifadə edəcəkdir.
2013-ci il üçün kitabxananın rəqəm göstəriciləri: kitab fondu – 249834, oxucu – 17028, gəliş – 115600, kitab verilişi – 348950. Kitabxananın 8 şöbəsi, 4 bölməsi, 2 oxu zalı var. 3 filialı isə Bakının müxtəlif rayonlarında fəaliyyət göstərir