Qaranlıq kimisi üçün yalnız qorxu deməkdir, kimisi üçün isə sadəcə işığın yoxluğu, günəşsizlik… İntəhasız qaranlıqdan işıqlı dünyaya göz açan insanın içini gecə qorxusu bürüyür. İşığı, dünyanın aydınlıq tərəfini görənləri yalnız öz daxili qaranlıqları narahat edir.

Bəs qaranlıqdan qaranlığa gələnlər? 

 AzEdu az xəbər verir ki, Oxu.Az-ın əməkdaşları “qaranlığa lənət yağdırmaqdansa, bir şam yandıranların” təşkil etdiyi qulaqları və əlləri ilə “oxuyanlar”ın kitabxanasına baş çəkib.

Söhbət Bakıda fəaliyyət göstərən Respublika Gözdən Əlillər Kitabxanasından gedir. O kitabxana ki, yüzlərlə görmə əngəlli insan buranın qonağı olur. 

“Gənclik” metrostansiyası yaxınlığında yerləşən kitabxana binanın zirzəmisində yerləşdiyindən bir qədər havasız idi. İçəri daxil olan kimi bizi kitabxananın direktor müavini Tofiq Balayev qarşıladı.

Bizi kitabxanada yaradılan şəraitlə, oxu zalı və kitab rəfləri ilə tanış etdi. Kitabxanada olan kitabların böyük əksəriyyəti brayl əlifbası ilə olsa da, əksəriyyəti kiril əlifbası ilə yazılmışdı. Bir anlıq qəribə gəlsə də, Tofiq müəllim bu kitabarın mərhələli şəkildə disklərə köçürüləcəyini dedi:

“Burada gördüyünüz kitabların çoxu brayl əlifbası ilə yazılıb. Hərəsindən bir neçə nüsxə nəşr olunub. Digər kitablarımız isə yavaş-yavaş brayl əlifbası ilə yazılacaq. Məktəblilər, tələbələr, yaşlı insanlar kitabxanamıza müraciət edib, kitablardan faydalana bilirlər. Biz görmə əngəllilər üçün danışan kitab layihəsi hazırlayırıq. Bu işdə bizə könüllülər yardım edir”.

Tofiq bəy bütün bunları bizə kitabxananın otaqlarını gəzərək danışırdı. Kitabxananı o qədər əzizləyirdi ki, sanki bura iş yeri yox, onun öz evidir.

Respublika Gözdən Əlillər kitabxanası 1981-ci ildə “Korlar Cəmiyyəti”nin nəzdində yaradılıb. Ölkədə gözdən əlillər üçün fəaliyyət göstərən yeganə kitabxana 1994-cü ildən Mədəniyyət Nazirliyinin balansına verilib. Bu gün Nazirlik kitabxananın bütün maddi-texniki bazasını təmin edir. Kitabxananın minlərlə üzvü var. Kitabxana bir sıra kitabları bölgələrdə yerləşən kitabxanalara da göndərməklə, həmin ərazilərdə olan görmə əngəlli insanların maariflənməsini təmin edir.

T.Balayevin sözlərinə görə, kitabxananın fondunda 10 mindən çox kitab var:

“Biz bu kitabları üç formada – kaset, CD və brayl əlifbası ilə yazılmış şəkildə hazırlayırıq. Fondda Azərbaycan, rus və türk dillərində kitablar mövcuddur. Kitabxanada kiçik studio var ki, səsləndirmələr də məhz burada aparılır. Tez-tez elanlar veririk və könüllülər müraciət edir. Bu müraciətlər əsasında səsi və səlist tələffüzü olan gəncləri seçirik. Onlar istər yerli, istərsə də xarici ədəbiyyatdan müxtəlif kitabları səsləndirirlər”.

Kitabxanada yeddi cilddə, brayl əlifbası ilə hazırlanmış “Quran-i-Kərim” kitabını da gördük.

T.Balayev deyir ki, bu kitab oxuculardan bəzilərinə hədiyyə edilib.

Direktor müavininin sözlərinə görə, kitabxanada oxucularla yanaşı, işçilərin də əksəriyyəti gözdən əlildir. Təxminən 20 nəfərə yaxın işçisi var. Bir neçə nəfər, sadəcə, qeydiyyat işlərinə nəzarət edir.

Kitabxanada iki nəfər könüllü kitab səsləndirmək üçün növbə gözləyirdi. Onları bura bağlayan isə dünyadan vaxtsız köçən dostları olub.

Pərvin Məmmədova ixtisasca ingilis dili müəllimi olsa da, çox səlist tələffüzə malikdir. Əzizə Cəfərzadənin “Yad et məni” kitabını səsləndirən Pərvin xanım deyir ki, bu iş ona hədsiz zövq verir:

“İnsanlara hər hansı yolla kömək ola bilirəmsə, bu, məni çox sevindirir. Bizim yolumuzun buradan düşməsi, əslində, bir müddət əvvələ qədər belə ağır deyildi. Təəssüf ki, bu məkanla bizi tanış edən dostumuzu yol qəzasında itirdik. Onun burada səsləndirdiyi bir kitab var idi və onun 33 səhifəsi yarımçıq qalmışdı.

Ondan geriyə heç nə qalmadığı üçün biz onun səsini əbədiləşdirib fonda bağışlamaq və bu işi silsilə şəklində davam etdirmək istəyirik. Ümid edirəm ki, bizimlə birgə başqa könüllülər də bu işə həvəs göstərəcək”.

33 səhifəlik səssizlik…

Aqşin Aşurov kitabxananın ona eyni anda həm sevinc, həm də kədərli anları xatırlatdığını deyir. O deyir ki, dostundan geriyə qalan bir neçə saatlıq səsi əbədiləşdirmək üçün buradadır:

“Görmə əngəllilər üçün kitabxanada könüllü səsləndirmə üçün elan verilmişdi. Biz də müraciət edib özümüzü sınamaq istədik. Mən bu işi özümə borc bildiyim üçün görürəm. Dostum Qaraqanın “Evakuasiya” kitabını səsləndirirdi. Ömrü vəfa etmədiyi üçün kitabın 33 səhifəsi qalmışdı. Onun səsinin fondda qalması mənim üçün önəmlidir. O çox istəyirdi ki, səsi görmə əngəlli insanlara kömək olsun.

Onun bu arzusunun yerinə yetməsi üçün əlimdən gələni edəcəm. Hər kəsi bu elanlara qoşulmağa səsləyirəm. Kitabxananın yerinin, eləcə də, şəraitinin daha da yaxşılaşdırılmasını istəyərəm”.

Yavaş-yavaş kitabxana ilə vidalaşırıq. Təəssüratlarımızı sözlə ifadə etmək çətin gəlir. Amma ümid edirik ki, növbəti dəfə buraya gələndə çox daha gözəl şəraitlə qarşılaşacağıq. Kitabxanada oxucularla rastlaşmasaq da, işçilərlə söhbətimiz bunu deməyə əsas verir ki, əlillik insan üçün məhdudiyyət ola bilməz. Gözlərimiz görməsə də, istəsək, həyatda böyük uğurlar əldə edə bilərik.