26 yanvar 2012-ci il tarixində Respublika Gözdən Əlillər kitabxanasının müdir müavini Tofiq Balayev Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda keçirilən “Almanax” kitabının II nəşrinin və audio kitabın təqdimat mərasimində iştrak etmişdir.
Tədbirdə “İRƏLİ” İctimai Birlyinin sədri Ceyhun Osmanlı, Azərbaycan Yazıçılar Birliyinin, həmçinin Azərbaycan Mətbuat Şurasının üzvü, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, “Ulduz” jurnalının baş redaktoru, 525-ci qəzetin redaktor müavini Seyfəddin Hüseynli, Azərbaycan Yazıçılar Birliyinin gənclər şurasının sədri Elçin Hüseynbəyli, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin üzvü, “Azərbaycan” jurnalının tənqid şöbəsinin müdiri Əsəd Cahangir, Azərbaycan Yazıçılar İttifaqının üzvü, əməkdar jurnalist, millət vəkili Aqil Abbas, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı, “Airmed” şirkətinin rəhbəri Zaur Nadirov, həmçinin kitabda hekayələri dərc olunmuş gənc yazarlar iştirak etmişlər.
     Tədbiri giriş sözü ilə açan Rəşad Məcid mərasim iştirakçılarını salamlamış, “İRƏLİ” İctimai Birliyinin kitaba olan qayğısını təqdirəlayiq hesab etdiyini, “İRƏLİ” Ədəbi Məclisinin uğurlarında, həmçinin Azərbaycan Yazıçılar Birliyi ilə əməkdaşlığından söz açmışdır.
Daha sonra çıxış edən Ceyhun Osmanlı layihənin ərsəyə gəlmə ideyasından, “Almanax”ın müasir Azərbaycan gəncinin ədəbi düşüncəsinin öyrənilməsi üçün yaratdığı imkanlardan danışmışdır. Xalq yazıçısı Çingiz Abdullayev çıxışında gənc yazarlara dəyərli tövsiyyələr vermiş, onları əziyyətə qatlaşmağa, yeniliklər etməyə çağırmış, kitablarının daha geniş oxucu kütləsi tərəfindən oxunulmasına nail olmaq üçün kitablarının dünya dillərinə tərcümə edilməsinin vacibliyini vurğulamışdır. Dünya şöhrətli yazıçı “İRƏLİ” İctimai Birliyinin dəstəyi ilə nəşr olunmuş və “Almanax” layihəsinin rəhbəri Orxan Muxtarlının müəllifi olduğu “Xaç kölgəsində” əsərini bəyənərək oxuduğunu və Azərbaycanda fentezi janrında ilk dəfə yazılmış bu əsəri tədqirəlayiq hesab etdiyini söyləmişdir.
     Sonda Orxan Muxtarlı tədbirə toplaşan və dəyərli fikirlərini paylaşan qonaqlara, həmçinin layihənin ərsəyə gəlməsində əməyi keçən bütün insanlara təşəkkür etmişdir.
     Nəşrlərdə 20-dən çox istedadlı gənc yazarın hekayələri, həmçinin filoloji təhlillər və tərcümələr yer almışdır.
     Qeyd edək ki, “Almanax” kitabı ənənəvi olaraq hər il nəşr edilir, bu il isə ilk dəfə olaraq audio kitab işıq üzü görmüşdür. “Almanax” kitabı, həmçinin audio kitab Respublika Gözdən Əlillər Kitabxanasının fondu üçün Tofiq müəllimə təqdim olundu.