Respublika Gözdən Əlillər kitabxanasının direktoru Şəhla xanım Vəliyeva Yanvarın 31-də “Hilton Baku” hotelində Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə rusiyalı tanınmış tarixçi və publisist Rudolf İvanovun kitablarının təqdimat mərasimində iştrak etmişdir. 
R.İvanov Hüseyn xan Naxçıvanski və Cəmşid Naxçıvanski haqqında kitabların müəllifidir. 2009-cu ildə R.İvanov Azərbaycan-Rusiya əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə “Dostluq” ordeni ilə təltif edilib.
Tədbirdə müəllifin “Azərbaycan həqiqətləri, Rusiyanın gəlişi və İran motivləri. XIX əsr Azərbaycan tarixi oçerkləri” və “Kəlbəli xan Naxçıvanski. Onun dövrü və irsi. Tarixi oçerklər” adlı yeni kitabları təqdim edilib. Birinci kitaba ön sözü yazıçı, publisist, Milli Məclisin deputatı Elmira Axundova, ikinci kitaba – Naxçıvan Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı İsa Həbibbəyli yazıb.
      “Azərbaycan həqiqətləri, Rusiyanın gəlişi və İran motivləri. XIX əsr Azərbaycan tarixi oçerkləri” kitabına daxil edilmiş 9 tarixi oçerkdə Qafqazda baş vermiş hərbi hadisələr geniş işıqlandırılır, ermənilərin İrandan Azərbaycan ərazisinə köçürülməsi ilə bağlı tarixi faktlar verilir.
      Rudolf İvanovun “Kəlbəli xan Naxçıvanski. Onun dövrü və irsi. Tarixi oçerklər” adlı kitabında Azərbaycanın əfsanəvi Naxçıvanski xanları sülaləsinin banisi Kəlbəli xan Naxçıvanskinin həyat və fəaliyyətindən bəhs edilir. Yazıçı bu əsərdə Türkmənçay müqaviləsi əsasında ermənilərin İrandan Azərbaycan torpaqlarına köçürülməsi barədə tarixi məlumatlara da yer ayırıb.
R.İvanov bu kitabların yazılmasında Rusiya Federasiyasının Rusiya Arxivinin, Rusiya Dövlət Qədim Aktlar Arxivinin, Rusiya Dövlət Hərbi-Tarix Arxivinin fondlarındakı materiallardan və digər mənbələrdən istifadə edib.
Təqdimatda Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib-
“Şadam ki, mənim həmvətənim Azərbaycanda belə uğura, diqqətə və hörmətə malikdir”
Diplomat vurğulayıb ki, hər iki xalqa bir-birinin tarixi haqqında bilik boşluğunun yerini doldurmaq lazımdır və Rudolf İvanov kimi tarixçilərin buna töhfəsi qiymətsizdir.
      Mərasim zamanı İvanov : “Mənim yaradıcılığım gələcək nəsil üçün Azərbaycan tarixində yalan səhvlərin düzəldilməsinə yönəlib,mən fəxr edirəm ki, bu torpaqda çoxlu dostlarım var” dedi. Publisist qeyd edib ki, Stalinin dövründə bu xalqa qarşı törədilən repressiya zamanı Azərbaycanın çoxlu istedadlı şəxslərini itirməsinə baxmayaraq, ölkənin hər şeyə rəğmən, kifayət qədər istedadlı insanlara, geniş tarixə malik olması insanı heyrətləndirir: “Mən Azərbaycanı ikinci vətənim hesab edirəm və düşünürəm ki, mənim bütün yaradıcılığım Azərbaycana həsr olunmalıdır. Belə ki, burada tarixin unikal mərhələləri var”. Rudolf İvanov məşhur rusiyalı yazıçı-qafqazşünas, Azərabaycanın görkəmli hərbi sərkərdələri, Böyük Vətən müharibəsi veteranları haqqında kitabların müəllifi, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Rusiya Jurnalistlər və Yazıçılar İttifaqının üzvü, Naxçıvan Muxtar Respublikasının Milli Elmlər Akademiyasının Tarix İnstitutunun və Naxçıvan Dövlət Universitetinin fəxri doktorudur. Professor Rudlof İvanov 35 kitabın və 220-dən artıq məqalənin müəllifidir. Bu əsərlər arasında Rusiya İmperiyası və Qafqaz tarixi üzrə əsərlər, habelə Qafqaz xalqlarının tarixinə həsr edilmiş kitablar başlıca yer tutur.
      Tədbirdə çıxış edən alimlər, tarixçilər, Azərbaycan ziyalıları Heydər Əliyev Fondunun tanınmış rusiyalı yazıçı-tarixçinin Azərbaycanda əsərlərinin nəşr edilməsinə kömək göstərməsində xüsusi rolunu qeyd ediblər.