Respublika Gözdən Əlillər” kitabxanasının müdiri Şəhla Vəliyeva: “Gündəlik oxucularımızın sayı 10-dan çox olur”
Gözdən əlillər üçün kitabxananın varlığını eşidib fəaliyyəti ilə tanış deyildim. Dünya işığından məhrum olan insanlar necə kitab oxuya bilirlər, axı?!
Bu sualları düşünə-düşünə kitabxanaya gedib çatdım.
***
“Gözdən əlillər cəmiyyəti də, İnternat məktəbi də, musiqi məktəbi də, kitabxanası da, Montində yerləşir. Gözdən əlillərə asan olması üçün bunların hamısı bu bölgədə kompakt şəklində mərkəzləşdirilib. Hal-hazırda cəmiyyətin yanında 9 mərtəbəli bina istifadəyə verilib. Görməyənləri çoxu da bu zonada yaşayır. Ona görə də əlil olan insanlar bu zonanı çox gözəl tanıyır”. Bunu kitabxananın müdiri Şəhla Vəliyeva deyir.
Qısa arayış
Respublika Gözdən əlillər kitabxanası 1981-ci ildə iyunun 1-də “Azərbaycan Korlar” Cəmiyyətinin nəzdində yaradılıb. Əvvəlcə adı “Mərkəzi Respublika Korlar” kitabxanası olub. Hazırda “Respublika Gözdən Əlillər” kitabxanası adlandır. Kitabxanada çox sayda audio kaset, disklər, brayl əlifbası ilə kitablar var.
Şəhla xanımın sözlərinə görə, kitabxananın vəzifəsi I və II qrup gözdən əlillərə kitabxana – informasiya xidməti göstərməkdi:
– Gözdən əlillər üçün kitabxana Azərbaycanda bir dənədi . Bakı şəhərindən başqa heç bir şəhər və rayonda filialımız, ayrıca kitabxanamız yoxdu. Sadəcə hər rayonda Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) var. Kitabları ya MSK-lara, ya da “Respublika Gözdən Əlillər” cəmiyyətinin yerli şöbələrinə göndəririk. Oxucular kitabları oradan əldə edə bilir.
– Kitablarınız əsas audio kaset və ya disklərdi. Kitabların audio variantını necə əldə edirsiniz?
– Audio kitablar “Gözdən əlillər cəmiyyəti”nin səsyazma studiyasında yazılır. Sonra biz burada o disklərin üzünü köçürüb rayonlara göndəririk. Əsas kitablarımız brayl əlifbası ilə olsa da bir az görmə imkanı olan oxucularımız üçün də kitablarımız var. Amma əksər oxucularımız disklərə üstünlük verirlər. Hal-hazırda kasetlərə də tələbat azaldığından onlar da yavaş-yavaş sıradan çıxır. İndi əsas disklərə, bir də brayl yazısı ilə kitablara üstünlük verilir.
Burada olan kitabların əksəriyyəti rus dilindədi. Səbəbini Şəhla xanım belə izah edir:
– Son vaxtlar azərbaycanca olan kitablara da tələbat artsa da, əksəriyyət rusca kitablara üstünlük verir. Bunun da səbəb rusca seçimin daha böyük olmasıdır. Kitablarımızın azərbaycanca variantlarını “Gözdən əlillər cəmiyyəti”nin səsyazma studiyasından, rusca olan variantlarını isə Moskvadan alırıq. Kitabxanamız yarandığı vaxtdan Rusiyanın korlar cəmiyyəti ilə münasibətimiz, əlaqələrimiz olub. Bu son illər Rusiyanın – “Ontari” və “ Premyera” nəşriyyatları ilə illik müqavilə imzalamışıq, kitablarımızın çoxunu ordan əldə edirik.
Ş.Vəliyeva cənub regionunda oxucularının daha çox olduğunu bildirdi:
– Hər il regionlara daxili ezamiyyətlər edirik. Lənkəran, Astara, Lerik zonasında qohum evlilikləri çox olduğundan, orada görməmək problemi daha çox olur. Bu səbəbdən də o bölgədə oxucularımız sayı daha çoxdu. Bölgələrə istər dərslik, istərsə də bədii kitabları ancaq Azərbaycan dilində göndəririk”.
Şəhla xanım deyir ki, son illər kitabxana Krımda və Moskvada keçirilən konfransda iştirak edir.
– Biz orda gördük ki, Rusiyada artıq disklərdən istifadə edilmir. Kitablar flaş- kartlardadı. Bir flaş-kartda ən azı 3-4 kitab olur. Biz hələ disk variantından çıxmamışıq, amma planlaşdırırıq. Bu yolda oxucularımız da gərək məsuliyyətli olsun. Bizim oxucularımızda isə hələ elə bir məsuliyyət yoxdu. Disk xarab olsa da onu normal nüsxəsindən bərpa edə bilirik, amma flaş- kartda belə deyil.
– Hazırda kitabxana boşdu. Deyəsən siz də digər kitabxanalar kimi oxucu qıtlığı yaşayırsınız?
-Yox, elə deyil. Sadəcə, indi bizim iş saatımız bitib. Hava qaralandan sonra oxucularımızın gəlib getməsi çətinləşir deyə, bizim kitabxana səhər saat 9-dan axşam 5-ə qədər işləyir. Gündəlik oxucularımızın sayı 10-dan çox olur. Oxucularımız arasında bağça uşaqlarından tutmuş təqaüdçülərə qədər var. Ən yaşlı oxucumuz 80-dən çox yaşı olan Anabacı müəllimədi.
Nəzərə alsaq ki, bizdə səyyar kitabxana xidmətimiz də var. Oxucumuz zəng edərək istədiyi kitabın adını deyir, bizim işçilər kitabları onların evlərinə aparıb təhvil verirlər. Odur ki, onların bura gəlməsinə məcbur deyil.