Gözdən əlillər üçün Respublika Kitabxanası vaxtaşırı olaraq oxucularla diskusiyalar keçirir. Onların fikirləri, maraqları, arzu və təklifləri nəzərə alınır.Bu təkliflərə uyğun olaraq şairlərlə, yazıçılarla, aktyorlarla və müxtəlif sənətkarlarla görüşlər keçirilir. Belə görüşlərdən biri də 20 oktyabr 2009-cu il tarixdə Azərbaycan Gözdən əlillər Cəmiyyətinin akt zalında Respublikanın Xalq artisti Əminə xanım Yusifqızı ilə keçirildi.
Tədbiri giriş sözü ilə Cəmiyyətin prezidenti Səmyar Abdullayev açaraq,Əminə xanımın sənət fəaliyyəti haqqında geniş məlumat verdi. Tədbirin təşkilatçısı və aparıcısı Nazlı Əliyeva Əminə xanımın yaradıcılığı haqqında ətraflı danışdı. Əminə xanım öz füsunkar və əvəzolunmaz səsi ilə Bəxtiyar Vahabzadənin, Mikayıl Müşviqin, Əli Kərimin, Cəfər Cabbarlının, Mirzə Ələkbər Sabirin və başqa şairlərin şerlərini söyləyərək tamaşaçıların zövqünü oxşadı. 38 saylı Musiqi məktəbinin ansamblının solisti Kifayət Mikayılovanın ifasında bir-irindən maraqlı mahnılar tədbirə rəng qatdı. Qədim milli alətlərimizdən olan tar və kamanın ifası tədbiri daha da maraqlı etdi. Tamaşaçıların suallarına cavab verən Əminə xanım bu görüşdən xüsusi məmnunluq hissi keçirdiyini bildirdi. Şairə Gülçöhrə Nikbin öz kitabını Əminə xanıma hədiyyə etdi. Kəlbəcər şairəsi Sevda Dəlidağlı öz şeirini Əminə xanıma ithaf etdiyini söyləyərək, öz səmimi arzularını bildirdi.
Sonda Nazlı Əliyeva tədbir iştirakçılarına öz təşəkkür-ünü bildirərək, dəvəti qəbul edib gəldikləri üçün həm öz adından həm də Kitabxananın direktoru Şəhla xanım Vəliyevanın adından minnətdarlığını bildirdi. İştirakçılar bu görüşdən mənəvi zövq aldıqlarını və çox şad olduqlarını bildirdilər.