Azərbaycanda kifayət qədər mərkəzi və yerli kitabxananın olduğu məlumdur. Amma gözdən əlillər üçün ölkə üzrə cəmi bir kitabxananın fəaliyyət göstərdiyini çoxumuz bilmirik. Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Respublika Gözdən Əlillər Kitabxanası bu gün ölkəmizdə çox mühüm bir vəzifəni icra edir. Kitabxana gözdən əlil insanlar üçün artıq bir məktəb rolunu oynayır, onların cəmiyyətə inteqrasiya olunmasında böyük əhəmiyyət daşıyır.

Sözügedən kitabxana “Gənclik” metrosunun düz üzərində, doqquzmərtəbəli binanın zirzəmisində qərar tutub. Belə bir kitabxananın necə fəaliyyət göstərməsi bizim üçün də maraqlı idi. Odur ki, bu günlərdə yolumuz həmin kitabxanaya düşdü.

Kitabxananın direktor müavini Tofiq Balayev söhbətimizdə bildirdi ki, Respublika Gözdən Əlillər Kitabxanası 1981-ci ildə o vaxt “Korlar Cəmiyyəti” adlanan, indiki “Gözdən Əlillər Cəmiyyəti”nin nəzdində yaradılıb. 1994-cü ildə isə Mədəniyyət və Turizm Nazirliyi kitabxananı öz balansına götürüb.

Üç dildə səsləndirilən kitablar, CD və mp3-lər…

Kitabxananın iş prinsipi isə gözdən əlilləri audio (CD, mp3) və “Brayl” əlifbasında olan kitablarla təmin etməkdir. Tofiq müəllim dedi ki, kitabxanaya üzv olan hər bir gözdən əlil kitabları buradan götürərək evlərində rahat şəkildə oxuya bilər: “Oxucular üçün heç bir məhdudiyyət yoxdur. Onlar istədikləri vaxt, istədikləri kitabı götürə bilirlər. Yaxud da kitabxananın özündə maqnitofon, DVD və kompüterlər vasitəsilə kitablar oxuyurlar. Yeganə məhdudiyyət isə odur ki, hər hansı bir kitabı evdə çox saxlamaq olmaz. Çünki başqa oxucular da o kitabdan istifadə edirlər.  Bütün xidmətlər tam olaraq pulsuzdur. Hətta elə gözdən əlillər var ki, kitabxanaya gələ bilmirlər, özümüz kitabları onların evlərinə aparırıq”.

Kitabxananın fondu zəngindir. Burada ümumilikdə 10 mindən çox kitab var. Kitablar üç – Azərbaycan, rus və ingilis dillərində hazırlanıb. Kitabxana üzvlərinin  sayı isə 1000-ə yaxındır. Burada həyata keçirilən əsas prinsiplərdən biri də mp3 formatda olan kitabların nüsxələrini çıxararaq bölgələrdəki mərkəzi kitabxanaların fondunda yaradılan “Gözdən əlillər” guşəsini təmin etməkdir. Yəni kitabxana kollektivi regionlardakı gözdən əlilləri də kitabla təmin etməyə çalışır. Direktor müavini bunu belə izah etdi: “Əgər belə etməsək, oradakı gözdən əlillərdə informasiya qıtlığı yaranar. İstəyirik ki, onlar da mütaliə etsinlər. Kitabxanamızın fondunda dərsliklər də var. Bölgələrdəki oxuculara bu dərsliklərdən də veririk. Ola bilər ki, kimsə xüsusi internat məktəbində oxumayıb, heç olmasa dərsliklərdən faydalansınlar”.

“Brayl” əlifbasından necə istifadə olunur?

Burada diqqət çəkən və hər kəs üçün maraqlı olan “Brayl” əlifbası ilə yazılan kitablar və onların necə oxunmasıdır. Kitabxanada bu əlifba ilə kifayət qədər kitab var. Bunlar əllə hiss edərək oxunan kitablardır. Bəs, bu əlifbanın özünəməxsusluğu nədir?

T.Balayev qeyri-adi əlifbanın mexanizmini açıqladı. Sən demə, bu əlifba, sadəcə, 6 nöqtədən ibarətdir. Yəni bütün hərflər yalnız 6 nöqtədən əmələ gəlir. İnsan barmaqları ilə o nöqtələrə toxunduqca bilir ki, nə hərfidir. Bir yerdə olan üç və daha çox nöqtədən sonra gələn tək nöqtə isə vergül işarəsini bildirir. Bir xanaya düz 6 nöqtə yerləşə bilir. Hərflər isə ən çox 5 nöqtədən ibarət olur. Nəticə etibarı ilə nöqtələrin sayına və yerdəyişməsinə görə hərfləri təyin etmək olur. Əlifba Fransada yaradılıb.

Bu hərflərin necə öyrədildiyinə gəldikdə isə T.Balayev bildirdi ki, gözdən əlillər üçün xüsusi məktəblər fəaliyyət göstərir: “Gözdən əlil uşaq 1-ci sinfə gedəndə orada xüsusi olaraq buğda və noxudu barmaqlarının arasında oynadır. Beləcə, getdikcə barmaqlarda həssaslıq artır, hissiyat oyanır. Sonra bu əlifbanı öyrədirlər və nöqtələrə toxunmaqla bilirsən ki, hansı hərf necə yazılır. Azərbaycanda, xüsusən də bizim məktəbdə bu əlifbanı öyrədə bilən mütəxəssislər var”.

Tofiq Balayevlə maraqlı söhbətdən sonra kitabxana ilə tanışlığa başladıq. Öncə kitabxananın səsyazma studiyasında olduq. Burada beynəlxalq təcrübəyə uyğun olaraq gözdən əlillərə kitab oxumaq istəyən könüllülər üçün də şərait yaradılıb. Könüllü şəxs mikrofon qarşısında oxuyur və onun səs yazısı montaj olunaraq kitabxananın fonduna əlavə olunur.

Studiyada “Brayl” əlifbasında kitab nəşr etmək üçün printer də yerləşdirilib. Bu avadanlığın qiyməti isə deyilənə görə, çox bahadır. Kitabxananın direktor müavini dedi ki, əgər adi printerlərin qiyməti 200 manatdırsa, bu printerlər min manatlarla qiymətləndirilir. Ona görə də bu avadanlıqların alınması asanlıqla başa gəlmir. Amma ümid var ki, kitabxana gələcəkdə daha böyük imkanlara malik avadanlıqlarla təchiz olunsun.

Kitabxananın kitabla təminatı əsasən yerli istehsal hesabına ödənilir. Yalnız rus dilində olan kitablar Rusiyadan sifariş olunur. Çünki kitabxananın rusdilli oxucuları da var. Sifarişi əsasən Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir. Qalan bütün kitablar Azərbaycanda nəşr olunur. Bunlara Azərbaycanın görkəmli yazarlarının əsərləri ilə yanaşı, dünya ədəbiyyatından nümunələr də daxildir.

Bu istiqamətdə beynəlxalq təcrübəni də öyrəndiklərini deyən Tofiq müəllim kitab çapı ilə bağlı iki dəfə Türkiyədə olduğunu və onların təcrübəsindən yararlandığını bildirdi. Nəticə etibarı ilə bu gün hər bir işçinin, oxucunun kompüterində xüsusi proqram quraşdırılıb ki, onun vasitəsilə istənilən materialı səsləndirmək olur. Direktor müavininin sözlərinə görə, bu sahədə Azərbaycanda da gələcəkdə geniş imkanların yaradılması nəzərdə tutulur.

Öyrəndik ki, kitabxana gözdən əlillərə dəstək olan Qeyri-Hökumət Təşkilatları ilə də əlaqələr qurur. Ayrı qurum olsa da, “Gözdən Əlillər Cəmiyyəti” kitabxana üçün bir mərkəz hesab olunur. Çünki bu qurum həm gözdən əlillərin hüquqlarının qorunmasında, həm də kitabxananın oxucu təminatında böyük rol oynayır.

İşçi və oxucular məmnundurlar!

Kitabxana rəhbərliyi fəal oxucuları işlə də təmin edir. Elə həmsöhbətimiz olan bir neçə kitabxana işçisi də vaxtilə kitabxananın fəal oxucularından olub. Oxucular zalda öz kompüterləri arxasında əyləşmişdilər. Hərəsi bir işlə məşğul idi. Biri qulaqçıqla nəsə dinləyir, digəri maqnitofonla məsğul idi. Hərəsi kitabxana barədə öz fikirlərini bölüşmək istəyir.

33 ildir burada işlədiyini deyən Sevinc Tağıyeva kitabxananın onun həyatındakı əhəmiyyətindən danışır. Deyir ki, bu kitabxana onun dünyagörüşünün formalaşmasında, həyatı dərk etməsində mühüm rol oynayıb.

Kitabxananın həm oxucusu, həm də işçisi Nazlı Əliyeva da burada vaxtaşırı kitab oxuduğunu dedi: “Mən Bakı Dövlət Universitetinin kitabxanaçılıq və informasiya fakültəsini bitirmişəm. 14 ildir ki bu kitabxanada çalışıram.  Oxucularımıza kitablar barədə ətraflı məlumat veririk. Həmçinin mətbuatda dərc olunan bir çox maraqlı məlumatları onların diqqətinə çatdırırq. Oxucu  kontingentimiz müxtəlifdir. Uşaqlardan tutmuş, ahıl yaşlarına qədər oxucumuz var. Məktəb yaşı və məktəbəqədər uşaqlar üçün maraqlı nağıl kitablarımız, disklərimiz və jurnallarımız da mövcuddur”.

Nazlı xanım qəzetimiz vasitəsilə ucqar kəndlərdə yaşayan gözdən əlil uşaqların valideynlərinə də səsləndi. Qeyd etdi ki, bu gün ucqar kəndlərdə yaşayan əlil uşaqların cəmiyyətə inteqrasiyası çox zəifdir. Valideynlər gözdən əlil olan uşaqları Bakıya gətirib internat məktəblərinə qoysalar, daha yaxşı olar. Beləcə, bu uşaqlar da cəmiyyətə inteqrasiya olarlar. Qoy onlar da heç kimə ehtiyac duymadan yaşasınlar, özlərinə bir peşə seçsinlər.

Oxucu Qocabəy Aslanov isə artıq kollektivin bir üzvü sayılır. Çünki uzun illərdir ki, kitabxananın daimi oxucularındandır: “Kitabxana ümumi həyatımda böyük rol oynayıb. Buranın böyük potensialı var. İstər tələbələr, istərsə də şagirdlər kitabxanadan yararlana bilirlər. Burada onlar üçün hər bir şərait var”.

Onu da qeyd edək ki, Respublika Gözdən Əlillər Kitabxanasında çalışan 20 nəfər işçidən 14-15 nəfəri gözdən əlildir.

Kitabxananın kollektivi bildirir ki, bura bir əlil müəssisəsi olaraq hər zaman dövlətin qayğısını üzərində hiss edib. İşçilərin əməkhaqları vaxtında verilir, bütün kommunal xidmətlər və internet ödənişləri tam ödənilir. Sadəcə olaraq, yerləşdikləri məkan bir az darısqaldır. Onlar bu problemlərin də tədricən öz həllini tapacağına ümid edirlər.

Elgün MƏNSİMOV, Fərman BAĞIROV (foto), “Azərbaycan”